Ana Sayfa > Siyasət > Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir

Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir


1-08-2024, 15:59. Yazar: sevinc1
Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir

Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günədək yaşayır. Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib.
Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, İslam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdiriblər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəv­vür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılma­sı, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Umumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.
Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbay­can dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Yeni Azərbaycan Partiyası
Oğuz rayon təşkilatının sədr müavini: Mehman Ramazanov

Geri dön