Ana Sayfa > Qərbi Azərbaycan / Özəl / Gündəm > Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdən biri və birincisidir

Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdən biri və birincisidir


1-08-2024, 10:04. Yazar: sevinc1
Azərbaycan xalqının  ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdən biri və birincisidir


Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.
Ümummilli Liderimiz sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan ... nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.” Hələ o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.
Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” və bu qəbildən oplan digər Fərman və Sərəncamları ana dilimizə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.”
Beləliklə, yuxarıdakı qeydlərdən göründüyü kimi, istər ulu öndər, istərsə də Azərbaycan Respublikasının Prezi¬denti İlham Əliyev ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirmişlər. Bununla belə, təəssüf ki, hələ də reklam daşıyıcılarında, internet resurslarında, kütləvi informasiya vasitələrində dilimizin saflığının pozulması hallarına rast gəlirik. Ədəbi dilin saflığının qorunması hamıdan asılıdır, çünki dilin daşıyıcısı xalqdır və dil xalqın ən böyük mənəvi sərvətlərindən biridir. Məhz buna görə də varlığımız, kimliyimiz olan dilmizin saflığını qorumaq hamının vətəndaşlıq borcudur.

Qasım Süleymanlı,
Qərbi Azərbaycan İcmasının fəalı

Geri dön