Ana Sayfa > Manşet / Özəl / Qərbi Azərbaycan > İNDİ ŞÜARIMIZ QOY OLSUN BELƏ: "QƏRBİ AZƏRBAYCAN-AZƏRBAYCANDIR"!

İNDİ ŞÜARIMIZ QOY OLSUN BELƏ: "QƏRBİ AZƏRBAYCAN-AZƏRBAYCANDIR"!


31-07-2024, 13:24. Yazar: sevinc1
İNDİ ŞÜARIMIZ QOY OLSUN BELƏ:  "QƏRBİ AZƏRBAYCAN-AZƏRBAYCANDIR"!

Əziz oxucular! Azərbaycan poeziyasında Vətən, doğma kənd mövzusu həmişə aktual olub. Dədə Qorquddan bu yana bütün yazılı və şifahi ədəbiyyatımızda “ölməyə Vətən yaxşı” ifadəsi qırmızı xətt kimi keçir. Zaman-zaman indi “Ermənistan” adlanan əzəli türk torpaqlarından –Qərbi Azərbaycandan deportasiya olunan, olmazın məşəqqətlərlə üzləşən Azərbaycan türklərinin bayatılarında, qoşmalarında ağrılı bir mövzuya çevrilən yurd həsrəti həm də o yurdlara sevgimizin, sayğımızın tərənnümüdür. İrəvandan, Ağbabadan, Göyçədən, Qarakilsədən, Çəmbərəkdən tutmuş Zəngəzura, Keşişkəndə qədər yurd yerlərində doğulmuş şairlərimizin yaradıcılığında öz əksini tapan Vətən həsrəti bu gün nikbin notlar üzərində köklənir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yurddaşlarımızda doğma el-obaya qayıtma arzusunu bir qədər də gücləndirib.
Bu rubrikamızda əslən Qərbi Azərbaycandan olan şair və yazıçıların Vətən həsrətli misralarından örnəklər verəcəyik.

Şəmsi Qoca,
“Qərbi Azərbaycan” bölməsinin yönətməni




RÜXSARƏ ADİLQIZI

Rüxsarə Adil qızı Həsənova – 20.02.1962-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Qaraqaya kəndində anadan olub. BDU-nun Ekologiya və Torpaqşünaslıq kafedrasının dosenti vəzifəsində işləyir.
İSTƏRƏM

Bu dünyanın belə dərdli halında,
Gözüm yoxdu özgəsinin malında.
Bir gün görəm köçüm yaylaq yolunda-
Gül ətirli yaylaqları istərəm.

Nəyə gərək, alma bağı, nar bağı,
Könül istər göy yaylağı, “Şiş dağ”ı.
Dil açdığım, yüyürdüyüm torpağı,
Şır-şır axan bulaqları istərəm.

Çəmənində tər çiçəklər bitən yer,
Gül bağında şeyda bülbül ötən yer,
Bulaqları dodağımdan öpən yer,
Çaqıl daşlı çaylaqları istərəm.

Bənövşələr sığınanda əlimə,
Əsən mehi sığal çəksin telimə.
Şəlaləsi zümzüməydi dilimə,
Mehdən əsən budaqları istərəm.

Ağ sürülər yaraşığı yaylağın,
Rəsmini çək qaz-ördəkli çaylağın.
Yaddan çıxmaz dadı, tamı qaymağın,
Ağ çadırdan otaqları istərəm.

Analıydım, atalıydım orda mən,
Üşüməzdim boranda mən, qarda mən.
Harda tapım o dünyamı, harda mən?
Bayatılı dodaqları istərəm.

El-obamda dəyərliyidim özüm də,
Müqəddəsdi ocağım da, közüm də.
Ömür keçib, bitib daha dözüm də,
Ağ sürülü yataqları istərəm.

Dönək yurda, son qoyulsun həsrətə,
Qəlbim möhtac dağlardakı şəfqətə,
Rüxsarəni gətirəcək riqqətə
Ər meydanlı oylaqları istərəm.

HƏSRƏT NƏĞMƏSİ

Neçə ildir hicran, həsrət çəkirəm,
Bu həsrətin sonu gəlib bitmədi,
Vətən deyib bulud kimi tökürəm,
Ömür keçir, əlim ələ yetmədi.

Yad əldədir, o mən gəzən oylaqlar,
Yay boyunca "dəyəm" olan yaylaqlar,
Diş donduran, şərbət kimi bulaqlar…
Damağımdan dadı-tamı itmədi.

Hər qayada, hər dərədə bir izim,
Yad baxışdan avazıyıb nərgizim,
Həsrətiylə ötür gecəm, gündüzüm
Çox uzandı, bu ayrılıq bitmədi?

Ayrılığı çəkən bilər-çox acı,
Bir vüsaldı bu əzabın əlacı.
O dağlara neçə ildir, ay bacı,
Ürək getdi, ayaq niyə getmədi?

Rüxsarəni bülbül edib dindirən,
Nəğməsini eldən elə göndərən,
Qarlı dağım, geniş düzüm, gen dərəm
Göz önündən bir an belə getmədi…



Aydın MUROVDAĞLI
Aydın (Hacıyev) Murovdağlı 1955-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Filoloqdur. 1980-ci ildə GDU-nun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.

GÖSTƏRİN...

Haqqın içimə yatmış hörgüsünü görmüşəm,
Bülövlüyün dağılmış körpüsunü görmüşəm,
Yiyəsiz torpaqların tüstüsünü görmüşəm,
Siz mənə külə dönmüş ocağını göstərin!

Min ildir ağıl gəzir insan meymun beynində,
Lakin qarpız tutubdu baş yerini çiynində...
İnsan adlı libasıq biz şeytanın əynində,
Mənə şeytandan əvvəl barmağını göstərin!

Dərdi say, ulduzları sanamağa nə var ki,
Haqqı haqsız yanında danlamağa nə var ki,
Millətlər bayrağını tanımağa nə var ki,
Mənə vicdanın milli bayrağını göstərin!

Atını yoxluğuna sürən millət öləcək,
Əl çalıb əyilməkdən ərən millət öləcək...
Qeyrətin göz yaşını görən millət öləcək,
Gözü yaşlı qeyrətin yarağını göstərin!

Tərəzi oğrudursa, daşını göstərməyin,
Ölçüsü ömür kəsən arşını göstərməyin,
Siz mənə bu millətin başını göstərməyin,
Siz mənə bu millətin papağını göstərin!

Sarayları Çin səddi qalınlıqda, hasarda,
Vətən satanlar, gedin, Vətən alın bazardan.
Ya gedib qaldırıram Xətaini məzardan,
Ya mənə Azərbaycan torpağını göstərin!



DAXMA BABAM, KOMA NƏNƏM,
ALAÇIQ ATAM
Sizin kimi dərd-dərmanım, davam var idi,
Sizin kimi olacağım, yuvam var idi,
Qarğı kəslə, qamış kəslə davam var idi,
Daxma babam, koma nənəm, alaçıq atam.

Hər biriniz mənim təkim, bircəm idiniz,
Hər biriniz mənim doğma hücrəm idiniz,
Gah səhrada tək ev kimi, gah cəm idiniz,
Daxma babam, koma nənəm, alaçıq atam.

Əlləriniz dəyən ələ heykəl qoyardım,
Üzünüzə dəyən yelə heykəl qoyardım.
Saçınızdan düşən telə heykəl qoyardım,
Daxma babam, koma nənəm, alaçıq atam.

Yıxıldılar saray əmim, imarət dayım,
Uçqunların altda qaldı ümid çarpayım.
Tutağacı kölgənizdə var idi payım,
Daxma babam, koma nənəm, alaçıq atam.

Özgələrin özgəliyi çətin bar verə,
Özgələrin baxışından gərək qar dərəm.
Özgə kəslər yad qapıdı, ögey pəncərə,
Daxma babam, koma nənəm, alaçıq atam.

Çıxartdınız siz də məni deyəsən yaddan,
Boylanıram çiynimdəki sınmış qanaddan.
Hey keçirəm papağınız, şalınız altdan,
Daxma babam, koma nənəm, alaçıq atam…



SULTAN ORUCOĞLU
1950-ci ildə Şörəyel-Ağababa mahalının Mağaracıq kəndində anadan olub. Filoloqdur. 45 il pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda təqaüddədir.

BİR GÜNÜN MÖCÜZƏSİ

Muğam havasında, ozan dilində
Ərz edim bir günün möcüzəsini.
Çəmənlər qoynunda, dağlar belində
Dinlə ərənlərin məğrur səsini.

O gün şəhid ruhlar göyə yüksəldi,
Ucaldı Tanrının səltənətinə.
Xan qızı Natəvan qürurla gəldi
Mir Abbas ağanın ziyarətinə.

Sal qaya üstündə məqam eylədi,
Elə bil, yenidən çıxdılar taxta.
O günün şahına salam söylədi
Şahım İsmayıl da, xanım Pənah da.

Sarıb yarasını, durdu məzardan
O gün Nəcəf bəyin Fəxrəddini də.
Doydu seyrangahda Zakir də yardan,
Nəvvabın fırçası güldü yenə də.

O gün birdəfəlik haqq şəri əydi,
Qəhr etdi düşməni qəzəb tufanı.
"Cəngi" məqamında diz-dizə dəydi
Torpağın məhvəri, göyün tavanı.

Şərh etdi zəfərin mənzərəsini
Cabbarın sur səsli "Mənsuriyyəsi"si.
Yaydı Qarabağa azan səsini
Gövhər məscidinin daş minarəsi.

Çaldı tar-kamanım vüsal havası,
Rəngi durulandı xarıbülbülün.
Oxundu azadlıq rapsodiyası,
Yarı Xanın səsi, yarı Bülbülün.

Tanrıyar şəxsiyyət, xilaskar Rəhbər
Ömrünü millətin ömrünə qatdı.
Bir vaxt Füzulidə kök salan zəfər
Bu gün Xankəndində Bayraq ucaltdı.

Dirildik min kərə, öldük min kərə,
Vətən ürək oldu, Vətən can oldu.
Şanlı sərkərdəyə, qalib əsgərə
Ata vəsiyyəti komandan oldu.

Düşməni əzməyə toxmağım dəmir,
Yumsam - yumruğumda, açsam - ovcumda.
Bu gündən sabaha verilsin əmr:
Zəngəzur - yolumun o bir ucunda.

İlhamlı şüarım bəyandır elə:
Qarabağ Vətənlə bir ruh, bir candır.
İndi şüarımız qoy olsun belə:
"Qərbi Azərbaycan - Azərbaycandır!"

"GÖYÇƏ GÜLÜ"M
Ozan barmağında cərrah sehri var,
Dəryadır, köksümü yar, "Göyçə gülü"m.
Ürək istəməklə arzu göyərmir,
Hər ağac yetirmir bar, "Göyçə gülü"m.

Ölüm aqibətdir, həyat sualdır,
İnsanı sevinc də, qəm də qocaldır.
Libası, dənəsi, çiçəyi aldır,
Haqdan pardaxlanıb nar, "Göyçə gülü"m.

Düşdü pərgarından yolum, düzənim,
Leysan - göz harayım, şimşək - şivənim.
Həsrət zor gələndə kimə güvənim?
Getdi vətən, ana, yar, "Göyçə gülü"m.

Oxudum Quranı, İncil, Tövratı,
Hər kəsin öz bəxti - öz mükafatı.
Pərqudan yüngüldür Haqqın baratı,
Dağlara yük deyil qar, "Göyçə gülü"m.

Bir tale təngi var mizan içində,
Yazanı içində, pozan içində.
Bu qədər talesiz ozan içində
Bir yetim Sultan da var, "Göyçə gülü"m.








Geri dön