Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Dil hər bir millətin milliliyinin əsasıdır

Anar Nəbiyev: Dil hər bir millətin milliliyinin əsasıdır


30-07-2024, 17:45. Yazar: sevinc1
Anar Nəbiyev: Dil hər bir millətin milliliyinin əsasıdır

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən milli-mənəvi dəyərlərimizin,  dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində atdığı addımlar  xüsusi qeyd edilir.  « Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!»  çağırışı   ilə Vətəninə, xalqına, öz ana dilinə bağlılığını ifadə edən Ulu Öndər Heydər Əliyev   Azərbaycana rəhbərliyinin hər iki  dövründə   dilimizə qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir. Ümummilli Lider bildirmişdir ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək bu dilin  nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.
Tarixə qısa nəzər salaq. 70-ci illərin ortalarından başlayaraq keçmiş İttifaq  respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Ulu Öndər  Heydər Əliyevin təşəbbüsü ilə  1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.
Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da dilimizin qorunması əsas hədəflər sırasında oldu.   «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman    dilimizin fəaliyyət imkanlarını daha da  genişləndirdi, dilimizin inkişafı istiqamətində  yeni imkanlar yarandı. «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» Fərmanın imzalanması da  əhəmiyyəti ilə diqqəti çəkdi. Fərmanda qeyd olunduğu kimi,  latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixi ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi  qeyd olunsun.
Ulu Öndər Heydər Əliyev bildirirdi ki, xalqları dil, milli-mənəvi  dəyərlər qədər birləşdirən  başqa vasitə yoxdur. Hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki,  onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən,  vəzifəsindən  asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur. 
Son 20 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev  «Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib  prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Həmçinin dövlət başçısı 1 noyabr  2018-ci il tarixli  «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Fərman imzaladı. Qeyd edilən sənədlərdə   ana dilimizin qorunması  üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır. Cənab İlham Əliyevin müasir dövrün tələblərini və reallıqlarını nəzərə alaraq 2013-cü ildə  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməsi də  milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi qeyd edildi. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi.
Dilimizin qorunması  istiqamətində atılan addımların xronologiyasına diqqət yetirdikdə bu fikri böyük inamla qeyd edirik ki, Azərbaycan xalqı daim  milli kökünə, tarixinə, mədəniyyətinə bağlılıq nümayiş etdirib və onların təbliği istiqamətində davamlı addımları ilə diqqətdə olub. Azərbaycanın 2019-cu ildə  UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi  tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunması istiqamətində atılan addımların  və əldə edilən uğurların təqdimatı oldu. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön