Ana Sayfa > Manşet / Siyasət / Özəl > Adəm İsmayıl Bakuvi: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ana dilimizin inkişaf etdirilməsi yönümündə həyata keçirilən tədbirlər müstəsna əhəmiyyət kəsb edir”
Adəm İsmayıl Bakuvi: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ana dilimizin inkişaf etdirilməsi yönümündə həyata keçirilən tədbirlər müstəsna əhəmiyyət kəsb edir”29-07-2024, 11:35. Yazar: sevinc1 |
“Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində ana dilimizin və milli-mənəvi dəyərlərimizin dövlətçilik ənənələrinin ən önəmli simvolları kimi əhəmiyyətini vurğulayaraq demişdir: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.” Qeyd olunmalıdır ki, doğma ana dilimizin istər sovetlər dönəmində, istəsə də müstəqilliyimizin ilk illərində bütün kənar təsirlərdən qorunaraq xilas olması və bugünkü inkişaf səviyyəsinə çatması birmənalı olaraq Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1978-ci ilin aprel ayının 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına dair VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev həmin dövrdə heç kəsin cəsarət edə bilməyəcəyi bir təklif irəli sürdü. Bu təklif Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada verməyi nəzərdə tuturdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ümummilli Liderimizin bu təşəbbüsü Azərbaycan SSR-in 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən biri olan ana dilimizi qorudu və onun sonrakı inkişafının möhkəm təməlini yaratdı.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib. Fikirlərini davam etdirən politoloq qeyd edib ki, Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüslərdən biri də Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci ildə irəli sürülmüşdr: “Ümummilli Liderimizin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilmişdi. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.” Daha sonra müsahibimiz bu gün ölkəmizdə ana dilimizin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “2003-cü ildən bu günə qədər Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində çox sayda mühüm addımlar atılıb, qərarlar qəbul edilib. O cümlədən dövlət başçımızın “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Həmçinin cənab Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. 2018-ci il noyabrın 1-də imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha ən bariz şəkildə təsdiq edir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |