Ana Sayfa > Siyasət > Əsas hədəfimiz

Əsas hədəfimiz


22-07-2024, 20:49. Yazar: sevinc1
Əsas hədəfimiz

Qarabağ bölgəsinin 30 illik işğaldan sonra azad edilməsi Azərbaycan üçün tamamilə yeni geosiyasi reallıq yaradıb. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın dəyərinin dünya miqyasında qiymətləndirilməsinə xidmət edəcək. Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmağa nail olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Azərbaycan diplomatiyasının yüksək peşəkarlığını əyani şəkildə sübut etdi. 2020-ci ilin 44 günlük Vətən Müharibəsində Azərbaycanın parlaq qələbə qazandığı zaman və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən uzunmüddətli işğalına son qoyulduğu zaman onsuz da şahidi olmuşdu. Eyni zamanda, 2023-cü ilin sentyabrında keçirilən anti-terror əməliyyatı nəticəsində bütün Qarabağ bölgəsinin Azərbaycanın qanuni nəzarətinə qaytarılaraq ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi zaman da bu peşəkarlıq öz təsdiqini tapmışdı. Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən tezliklə çıxarılması ilə bağlı hər iki ölkənin ali rəhbərliyinin birgə qərara gəlməsi və sülhməramlıların ərazilərimizi tərk etməyə başlamaları ilə də Bakının uğurlu diplomatiyasının qələbə qazandığı bir daha təsdiqləndi. İndi də kəndlərimizin qaytarılması ilə bağlı könüllü şəkildə razılığa gəlinməsi özü də məhz ölkəmizin yaratdığı geosiyasi reallığın təzahürü olaraq qəbul olunmaqdadır.

Bu gün dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Cənab İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada, ilk növbədə, etibarlı və strateji tərəfdaşa çevirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibi kimi qəbul edilir.
Lakin bununla yanaşı, ölkəmizə qarşı dezinformasiya səngimək bilmir. Bir sıra Qərb ölkələri, erməni lobbisi, xüsusən Fransa bu məsələdə öndə gedirlər. Türk dünyasına, ölkələrimizə qarşı da beynəlxalq miqyasda dezinformasiya kampaniyaları aparılır. Azərbaycan müstəqilliyinin ilk günündən belə kampaniyaların ön sırasında olub. Əsas məqsəd isə ilk növbədə Azərbaycanın müstəqil siyasət yürütməsinin qarşısını almaq, ölkəmizi siyasi və iqtisadi cəhətdən asılı vəziyyətə salmaqdır. Azərbaycanın bu sahədə apardığı mübarizə, xüsusən cənab Prezident İlham Əliyevin dezinformasiyaya qarşı çevik və məharətli diplomatiyası buna ciddi əngəl törədir və ölkəmiz müəyyən edilmiş xəttlə inkişaf edərək, Cənubi Qafqazda və regionda nüfuz və söz sahibi olmaqda davam edir.

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxış edən cənab Prezident İlham Əliyev bu reallığın daha da inkişaf edəcəyini, ölkəmizin bundan sonra da beynəlxalq təşkilatlarda maraqlarını qoruyacağını bildirmişdir. Azərbaycanın COP29 -a ev sahibliyi edəcəyi məsələsi gündəmə çıxdıqdan sonra daha bir dezinformasiya, uydurma tezislər baş alıb getdi. Dünyanın ekoloji mühitini daha çox pozan bir sıra ölkələr neft, qaz ölkələrini. Xüsusən də Azərbaycanı ittiham etməyə başladılar. Forumda bu barədə sualı cavablandıran cənab İlham Əliyev belə dezinformasiyaların çox olduğunu və haradan qaynaqlandığını, lakin belə mənasız cəhdlərin boş və əbəs olduğunu qeyd etdi. Ölkəmizin əsas hədəfinin ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək olduğunu xüsusi vurğulayan, bu işdə həmrəyliyin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun”. Buna görə bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən Azərbaycan Prezidenti qeyd edib: “Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq bu işə öz töhfəmizi verməyə hazırıq”.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön