Ana Sayfa > Manşet / Siyasət / Özəl > İbrahim Cəfərov: “Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi Azərbaycanın satellit ölkəyə çevrilməsinin qarşısını aldı”

İbrahim Cəfərov: “Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi Azərbaycanın satellit ölkəyə çevrilməsinin qarşısını aldı”


22-07-2024, 17:02. Yazar: sevinc1
İbrahim Cəfərov: “Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi Azərbaycanın satellit ölkəyə çevrilməsinin qarşısını aldı”

“İyulun 20-də açılış mərasimi keçirilmiş “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu ölkəmizin ictimai-siyasi həyatında baş vermiş önəmli hadisələrdən biridir. Artıq ənənəvi xarakter almış Şuşa Forumu sadəcə qlobal miqyasda media problemlərinin deyil, eyni zamanda da dünyada gedən ən müxtəlif xarakterli proseslərin, baş verən hadisələrin müzakirəsi və dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarının araşdırılması üçün yaradılmış son dərəcə effektiv və geniş formatlı platformadır. Ölkə Prezidenti cənab İlham Əliyevin Forumun açılı mərasimində iştirakı bu beynəlxalq tədbirin nüfuzunu bir qədər də artırır. Qeyd edək ki, Forumda dünyanın 50 ölkəsindən ən nüfuzlu media qurumlarının, jurnalist təşkilatlarının, QHT-lərin təmsilçiləri iştirak edirlər. Seçilmiş mövzunun adından da göründüyü kimi, Forumun əsas məqsədi yalan məlumatların ifşası və dezinformasiya ilə mübarizə yollarını araşdırmaq, bu istiqamətdə birgə fəaliyyətin koordinasiyasına nail olmaqdır. Bununla belə dövlət başçımıza ünvanlanan suallardan da aydın olurdu ki, bu gün Azərbaycanın dünyada gedən qlobal əhəmiyyətli proseslərə baxışı, həmin proseslərdə iştirakı və yaxud da onlara təsir imkanları Forum iştirakçılarını son dərəcə maraqlandıran məslələrdəndir. Bu münasibət əlbəttə ki, ölkəmizin getdikcə möhkəmlənən beynəlxalq mövqelərinin və eyni zamanda da Azərbaycan Prezidentinin dünyanın siyasi liderləri arasında sahib olduğu şəxsu nüfuzunun daha bir göstəricisidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib.

Daha sonra müsahibimiz Prezident İlham Əliyevin ölkəmizlə bağlı manipulyasiya edilmiş hesabatlara dair sualı cavablandırarkən təqdim etdiyi açıqlamaların əhəmiyyətini vurğulayaraq belə deyib: “Ölkəmizə dair bəzi Qərb dairələri tərəfindən mətbuatda yayımlanan dezinformasiyaları, müəyyən beynəlxalq təşkilatlar tərəfindən təqdim olunan manipulyasiya edilmiş hesabatları doğuran səbəblərə dair sualı cavablandıran cənab Prezident İlham Əliyev bildirdi ki, Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin himayəsi altında yaşamaqdır. Lakin Azərbaycan bu düşüncələri rədd etdi və fərqli, eyni zamanda da çətin bir yol seçdi. Təbii ki, öz həqiqi müstəqilliyini təmin etmək istəyən ölkəmizə qarşı dünya gücləri tərəfindən böyük təzyiqlər göstərildi. Hətta 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri də oldu. Lakin Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycanın satellit ölkəyə çevrilməsinin qarşısı alındı. Azərbayca əsil müstəqilliyi seçdi. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaş ölkələrlə səmərəli əməkdaşlıq və əlbəttə ki, bütün işlərdə daxili potensiala güvənmək tezliklə öz nəticəsini verdi. Region ölkələri ilə qurulan sıx əlaqələr imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyəti həll olunsun. Avropa Parlamentində və ya Avropa Şurasında kiminsə hansısa bəyanatla çıxış etməsi isə ən arxa plana keçirildi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş güclü ölkədir. Dövlət başçımız qeyd etdi ki, bundan sonra Qərb ölkələrindən Azərbaycana nə qədər çox insan gələrsə, bu, ölkəmizlə bağlı anlayışların daha dəqiq və obyektiv olmasına xidmət edər.”
Sonda professor İ.Cəfərov Avropa ictimaiyyətinin daha çox diqqətini cəlb edən məqamlardan birinin də bu qitəyə Azərbaycan qazının ixracı ilə bağlı olduğunu qeyd edib: “Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından önəminin getdikcə artması bu gün heç kim üçün sirr deyil. Artıq 2025-ci ildə Rusiyanın Ukrayna ərazisindən Avropaya qaz nəqlini dayandırmaq barədə qərarı isə, bundan sonra Azərbaycana tərəf dönəcək nəzərlərin daha çox olacağını deməyə əsas verir. Bu məqam “Reuters” xəbər agentliyinin təmsilçisinin sualında da öz əksini aydın şəkildə tapıb. Azərbaycan Avropaya qaz nəqlinin həcmini necə artıra bilər? Buna cavab olaraq cənab Prezident İlham Əliyev ölkəmizin 2027-ci ilə qədər Avropaya qaz ixracını 16 milyard kubmetrə çatdırmağı özü üçün hədəf kimi müəyyən etdiyini bir daha vurğuladı. Qeyd olundu ki, bu resursların Avropaya mövcud şəbəkə - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Son dərəcə maraqlı məqamlardan biri də budur ki, Ukrayna ilə Rusiya arasında müqavilənin uzadılmasında yardımçı olmaq xahişi ilə Ukrayna və Avropa İttifaqı məhz Azərbaycana müraciət ediblər. Məsələ bundadır ki, bir tərəfdən Ukraynanın özünün bu qaza ehtiyacı var, digər tərəfdən isə müavilənin ləğv olunacağı təqdirdə Avstriya və Slovakiya kimi ölkələr də çox ciddi çətinliklə üzləşəcəklər. Halbuki, bir müddət əvvəl Azərbaycan Rusiya qazını satmaqda ittiham edilirdi. Əlbəttə ki, bu, tamamilə yalan xəbərdir. Azərbaycanın nəhəng qaz yataqları var və heç bir ölkənin qazına ehtiyacı yoxdur” – deyə, İbrahim Cəfərov fikirlərini tamamlayıb.
Geri dön