Ana Sayfa > Özəl > Mətbuat azadlığı demokratiyanın fundamental şərtidir

Mətbuat azadlığı demokratiyanın fundamental şərtidir


22-07-2024, 10:50. Yazar: sevinc1
Mətbuat azadlığı demokratiyanın fundamental şərtidir

Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır
Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini


Geri dön