Ana Sayfa > Gündəm / Manşet / Seçilənlər-9 / Özəl > Əziz Ələkbərli: “İndiki dövrdə mətbuatın bir nömrəli vəzifəsi Azərbaycanın dövlətçilik maraqlarını qorumaq, dövlətin və cəmiyyətin inkişafına dəstək verməkdir”
Əziz Ələkbərli: “İndiki dövrdə mətbuatın bir nömrəli vəzifəsi Azərbaycanın dövlətçilik maraqlarını qorumaq, dövlətin və cəmiyyətin inkişafına dəstək verməkdir”22-07-2024, 09:23. Yazar: sevinc1 |
“1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ başlamış oldu. Əsasən maarifçilik missiyasını yerinə yetirən "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Milli oyanışın yeni mərhələsinin təmsilçisi kimi "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc etməklə mütərəqqi ideyaların carçısına çevrilə bildi. Qəzetin ən böyük uğurları ilk növbədə onun mətbu dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqisinə çalışan "Əkinçi" qadın azadlığı və qadınların təhsili ideyasını təbliğ edirdi. "Əkinçi" qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı”. Bu sözləri aia.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli söyləmişdir. Müsahibimiz qeyd etmişdir ki, “məhz bu xüsusiyyətinə görə çar Rusiyasının hakim dairələri narahat olur və “Əkinçi” qəzetinin yalnız 56 nömrəsi işıq üzü görür. Müstəmləkə xalqlarının siyasi oyanışını qəbul etməyən çarizm qəzeti bağlayır və bir müddət Azərbaycan dilində mətbu orqan çap olunmur. Ulu Öndər Heydər Əliyev milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi” qəzetinin fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu böyük şəxsiyyət mətbuatın xalqın maariflənməsində siyasi cəhətdən yetişməsində rolunu həmişə xüsusi qeyd edirdi. Ona görə də 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Ümummilli lider Heydər Əliyev siyasətini davam və inkişaf etdirən cənab İlham Əliyev Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir parçası olduğunu vurğulayaraq bildirmişdir ki, “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir.” Əziz Ələkbərli mətbuat sahəsində qanunvericilik bazasının da kifayət qədər təkmilləşdiyini və yeniləndiyini qeyd edərək bildirmişdir ki, “yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə kifayət qədər işlər görülmüşdür. Hazırda dünya media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması ölkədə mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi yönündə tədbirlərin həyata keçirilməsi də bu məqsədə xidmət edir”. Müsahibimiz sonda qeyd etmişdir ki, “Azərbaycan cəmiyyətinin də mətbuatdan gözləntiləri çoxdur. Hazırkı dövrdə vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri ilk növbədə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. 22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edirəm.” Geri dön |