Ana Sayfa > Manşet / Siyasət / Özəl > Adəm İsmayıl Bakuvi: “Prezident İlham Əliyevin xarici siyasəti ölkənin firavan gələcəyinin təmin edilməsinə sərrast hesablanıb”

Adəm İsmayıl Bakuvi: “Prezident İlham Əliyevin xarici siyasəti ölkənin firavan gələcəyinin təmin edilməsinə sərrast hesablanıb”


21-07-2024, 21:20. Yazar: sevinc1
Adəm İsmayıl Bakuvi: “Prezident İlham Əliyevin xarici siyasəti ölkənin firavan gələcəyinin təmin edilməsinə sərrast hesablanıb”

“İşğaldan azad olunduqdan sonra bir çox möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Şuşa şəhərində iyul ayının 20-də artıq ikinci dəfə dünyanın aparıcı media və jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər bir araya gəldilər. Həmin gün Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Tədbirdə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev Şuşa Qlobal Media Forumunun həm ölkəmiz, həm də Qarabağ bölgəsi üçün çox əhəmiyyətli bir hadisə olduğunu qeyd etdi. Şuşa Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı olmaqla yanaşı, eyni zamanda da bizim qələbəmizin rəmzidir. Dövlət başçımızın qeyd etdiyi kimi, ötən ilin sentyabr ayında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması son bir ildə müasir tariximizdə baş vermiş ən mühüm hadisədir. Məhz bu hadisədən sonra regionda ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Öz növbəsində bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Politoloq qeyd edib ki, Forumun gedişində Azərbaycan Prezidentinə ünvünlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Eyni zamanda da dünyada mövcud olan neqativ tendensiyalara qarşı Azərbaycanın barışmaz mövqeyi bir daha diqqət mərkəzinə gətirildi: “Hər zaman olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyev öz əhatəli, faktlara və sarsılmaz məntiqə əsaslanan cavabları ilə ölkəmizin hər bir konkret məsələyə dair prinsipial mövqeyinin olduğunu bir daha hər kəsə nümayiş etdirdi. O cümlədən dövlətimizin başçısı neokolonializmin müasir təzahürlərinə qarşı mübarizə aparan xalqları ölkəmizin bütün hallarda dəstəkləyəcəyini birmənalı olaraq bəyan etdi. BMT-də Fransa Polineziyasının nümayəndəsinin sualını cavablandıran cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ ilə yaxından məşğul olmağa çalışıb. Çünki həmin təşkilatın bir çox üzvü, milyonlarla insan keçmişdə kolonializmin qurbanı olmuşdur. Bəzi ölkələr isə hələ də bundan əziyyət çəkir. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Lakin Fransa hökuməti yenə də mediadan istifadə edərək ölkəmizi onların daxili işlərinə qarışmaqda ittiham edir. Əlbəttə ki, bu qətiyyən həqiqətə uyğun deyil. Həqiqət bundan ibarətdir ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Cənab Prezident qəti olaraq bildirdi ki, Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Lakin Azərbaycan buna məhəl qoymur və ölkəmiz hər zaman öz müstəqilliyi uğrunda mübarizə edən xalqların yanında olacaq.”

Daha sonra müsahibimiz Ermənistan-Azərbaycan münasibətlərinin perspektivləri barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Əlbəttə ki,bu gün beynəlxalq ictimaiyyəti, xüsusilə də Avropa ölkələrini maraqlandıran ən aktual məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri,eləcə də məhz bu kontekstdə Cənubi Qafqazda gedən proseslərin proqnozlaşdırılması ilə bağlıdır. Məsələ bundadır ki, beynəlxalq enerji və nəqliyyat layihələrinin tam təhlükəsizliyinin təminatı baxımından və eyni zamanda Cənubi Qafqazın özünün iqtisadi inkişafı üçün regionda dayanıqlı sülhün bərqərar olması çox vacib məsələdir. Bu məsələnin həlli isə, məhz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını zəruri tələb kimi ortaya qoyur. Bu mövzuda qardaş Türkiyənin “Haber Global” televiziyasının aparıcısının sualını cavablandıran cənab Prezident İlham Əliyev bildirdi ki, sülh sazişinin mətninin 80-90 faizi artıq razılaşdırılıb. Ancaq burada yenə də həllini gözləyən iki məsələ var. Birincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etməlidirlər ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir və Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa isə ümumiyyətlə Cənubi Qafqazda bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. İkinci məsələ də budur ki, Ermənistan özünün konstitusiyasında dəyişikliklər etməlidir. Çünki həmin sənəddə müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid yer alıb. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, ölkəmizin Ermənistanın daxili işlərinə hər hansı müdaxiləsindən söhbət gedə bilməz. Lakin onların konstitusiysında belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir. Bu isə o deməkdir ki, bir gün Ermənistan yenə də öz fikirlərini dəyişə bilər və o zaman Azərbaycan ötən ilin sentyabrında atdığı addımları təkrar etməyə məcbur qalacaq. Dövlət başçımızın bu açıqlaması cənab Prezident İlham Əliyevin xarici siyasətinin həqiqətən də müdrik və gələcəyə hesablanmış olduğunu bir daha əyani şəkildə nümayiş etdirir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön