Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycanda kütləvi informasiya vasitələri ictimai həyatın istiqamətlənməsində mühüm rol oynayır”

Novruzəli Aslanov: “Azərbaycanda kütləvi informasiya vasitələri ictimai həyatın istiqamətlənməsində mühüm rol oynayır”


21-07-2024, 10:26. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycanda kütləvi informasiya vasitələri ictimai həyatın istiqamətlənməsində mühüm rol oynayır”

“Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Öz dövrünün ən görkəmli ziyalılarından biri olan Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoymaqla, bütün fəaliyyəti dövründə işıq üzü görmüş cəmi 56 nömrəsi ilə millətin ideoloji aynasına, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Təəssüflər olsun ki, “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasında oynadığl rolundan çəkinərək qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər”.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat daha sonra Ulu Öndər Heydər Əliyevin Milli mətbuatımızın inkişafında oynadığı müstəsna rolun əhəmiyyətini diqqət mərkəzinə çəkərək bunları deyib: “1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızda mətbuatın da inkişafında əsaslı dönüş yarandı. Ən önəmli məqamlardan biri kimi həmin dövrdə Ümummilli Liderimizin  şəxsi səyləri nəticəsində dilimizə olan ögey münasibətin qaldırılması qeyd olunmalıdır. Ulu Öndərimizin birbaşa təşəbbüsü və təkidi ilə 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması inqilabi bir sıçrayış oldu. Bundan sonra Azərbaycan dilində dərc olunan qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıldı. Xüsusilə müstəqillik illərində Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə, 1993-2003-cü illərdə müasir Azərbaycan mətbuatı dünya standartları səviyyəsinə yüksəldi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə imkan yarandı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan jurnalistikasının inkişafında olan xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ulu Öndər bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbuat vasitələrini sözün əsil mənasında xilas etdi.”

Sonda N.Aslanov müasir dövrdə Milli mətbuatın inkişafı üçün dövlətimiz tərəfindən yaradılan şəraitdən və bunun müqabilində kütləvi informasiya vasitələrinin nümayiş etdirdiyi fədakarlıqdan bəhs edərək bunları deyib: “Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da kütləvi informasiya vasitələrinin fəaliyyəti ictimai həyatın istiqamətlənməsində mühüm rol oynayır. Ölkə Prezidenti cənab İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq demişdir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.” Dövlət başçımızın 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlardır. Cənab Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ildə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tarixində mühüm hadisə kimi dəyərləndirilib. Əlbəttə ki, bu diqqət və qayğının qarşılığında Azərbaycan jurnalistləri də öz borclarını ləyaqətlə yerinə yetirmək üçün əllərindən gələni edirlər. Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirir, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutur, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etmək üçün hər zaman ciddi səylər göstərir, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışırlar” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.
Geri dön