Ana Sayfa > Siyasət > YAP-ın YENİ NAMİZƏDİ... -

YAP-ın YENİ NAMİZƏDİ... -


20-07-2024, 10:29. Yazar: sevinc1
YAP-ın YENİ NAMİZƏDİ... -

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın namizədlərini elan edib. Hakim partiya 125 dairənin hamısı üzrə namizədlərini açıqlayıb.

Bunlardan 66 nəfəri ilk dəfə YAP-dan deputatlığa namizəd kimi çıxış edir. Ancaq məlumdur ki, onların bir çoxu deputat olmaq üçün deyil, hakimiyyətin Milli Məclisdə görmək istədiyi bəzi bitərəflərə və siyasi partiyaların namizədlərinə “uduzmaq” üçün seçki mübarizəsinə qatılıb.

Ancaq YAP-ın ilk dəfə namizəd irəli sürdüyü şəxslər arasında hakim partiyanın deputat seçilməsi üçün çalışacağı şəxslər də var. Bunlardan biri də 121 saylı Laçın seçki dairəsindən Muradov Rövşən Şahbaz oğludur.

Qeyd edək ki, Rövşən Muradov hakim partiyanın deputatlığa namizədi kimi uğurlu seçimlərindən biri hesab oluna bilər. Həm yüksək intellektli iqtisadçı alim, həm də ölkə qanunvericiliyinin formalaşdırılması sahəsində uzun illər təcrübəsi olan mütəxəssis kimi Rövşən Muradovun deputat seçiləcəyi təqdirdə Milli Məclisin fəaliyyətində fəal iştirak edən, parlamentin işinə müsbət töhfə verən millət vəkillərindən biri olacağı şübhə doğurmur. Hər halda gənc yaşında qazandığı uğurlar bunu söyləməyə əsas verir.

Belə ki, 10 may 1970-ci ildə Bakı şəhərində anadan olan R. Muradov 1993-cü ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini, 1996-cı ildə isə AMEA-nın İqtisadiyyat İnstitutunun əyani aspiranturasını müvəffəqiyyətlə bitirib. 1993-cü ilin avqustunda gənc mütəxəssis olaraq İqtisad Universitetinin Sosioloji elmi tədqiqatlar laboratoriyasına kiçik elmi işçi kimi işə qəbul edilib.

1994-cü il sentyabrın 28-də köçürmə yolu ilə Milli Məclisin (o vaxt hələ Ali Sovet adlanırdı-red.) İqtisadi siyasət daimi komissiyasına (indiki Komitəsinə) ekspert vəzifəsinə təyin edilib. Həmin ildən Milli Məclisin Aparatında müxtəlif məsul vəzifələrdə – məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini-sektor müdiri vəzifələrində çalışıb.

Hazırda da Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyir.

Rövşən Muradov elm sahəsində də uğurlar əldə edib. O, 1997-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 2006-cı ildə isə dosent elmi adını alıb.

2015-ci ildə isə doktorluq dissertasiya işini müdafiə edib, 2016-cı ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

AMEA-nın İqtisadiyyat İnstitutunda 0,5 ştat əvəzçiliklə aparıcı elmi işçi, sonradan isə baş elmi işçi vəzifəsində çalışıb. Daha sonra UNEC-in “Menecment” kafedrasının 0,5 ştat əvəzçiliklə professoru olub. Hazırda UNEC-in “Biznes və logistika” kafedrasının 0,5 ştat əvəzçiliklə professorudur. 4 monoqrafiya, 70-ədək elmi-metodiki əsərin müəllifidir.



Onun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. 2013-cü ildə Prezidentin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2015-ci ildə Prezidentin Sərəncamı ilə ona 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Ətraflı

Qeyd edək ki, Rövşən Muradovun ailə üzvləri də ölkənin tanınmış alimləridir.

Atası Şahbaz Muradov ölkə sərhədlərindən kənarda da yaxşı tanınan iqtisadçı alimdir. O, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professordur.




Hazırda Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri işləyən Şahbaz Muradov bir çox vəzifələrdə çalışıb. Uzun müddət AMEA-nın İqtisadiyyat İnistutuna rəhbərlik edib, “Şöhrət” ordeni ilə təltif olunub.

Rövşən Muradovun qardaşı Rəşad Muradov da tanınmış iqtisadçı alimlərimizdəndir, iqtisad elmləri doktoru, professordur. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də) müxtəlif vəzifələrdə çalışıb, hazırda “Biznes və logistika” kafedrasının professorudur.



Qeyd edək ki, Rövşən Muradovun namizədliyinin 121 saylı Laçın seçki dairəsindən verilməsi də təsadüfü deyil. O, əslən Laçın rayonunun Xumarta kəndindəndir. Ötən il Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində Rövşən Muradovun atası Şahbaz Muradov da iştirak edib. O, səfər zamanı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə yaxından ünsiyyətdə olub.



Qeyd olunanlar 1 sentyabrda yeni formalaşacaq parlamentdə Rövşən Muradovu da millət vəkili kimi görə biləcəyimizi söyləməyə əsas verir.


“Azpolitika.info”
Geri dön