Ana Sayfa > Siyasət > Azərbaycan Avropada mövqelərini möhkəmlədir

Azərbaycan Avropada mövqelərini möhkəmlədir


19-07-2024, 18:51. Yazar: sevinc1
Azərbaycan Avropada mövqelərini möhkəmlədir

Bu gün Avropa İttifaqına üzv dövlətlərin gündəliyində duran ən vacib məsələlərdən biri məhz enerji təhlükəsizliyi ilə bağlıdır. Təbii ki, daha yeni marşrut olan Cənub Qaz Dəhlizinin önəmi bu strateji məsələnin həllinə verdiyi töhfələr səbəbilə getdikcə artır. Bu isə, öz növbəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmiatında rolunu daha qabarıq şəkildə önə çəkir. 2024-cü il iyul ayının 18-də İngiltərənin Oksford şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün cənab Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən dəvət alması da Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəmin və əlbəttə ki, dövlət başçımızın yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir.

Zirvə toplantısı çərçivəsində keçirilmiş “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edən dövlət başçımız öz çıxışında bir daha Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqət mərkəzinə çəkərək bildirdi ki, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemindən ibarət olan bu layihə 2020-ci il dekabrın 31-də istismara verilib. Bundan sonra Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Bu gün Avropanın özündə Cənub Qaz Dəhlizinə çox sayda yeni marşrutların, interkonnektorların əlavə edilməsi layihənin əhəmiyyətini bir daha vurğulayır. Beləliklə, Azərbaycanın təşəbbüskarı olduğu bu layihədə enerjinin şaxələndirilməsi məsələləri də tam şəkildə əhatə edilir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Bu hədəfə çatmaq üçün ölkəmiz bütün lazım olan resurs və infrastuktura sahibdir. Məlum olduğu kimi, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Abşeron” və “Ümid” qaz-kondensat yataqlarının çox böyük potensialları vardır və Azərbaycan Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarına malikdir.

Bu gün Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Gürcüstan və Serbiya isə İttifaqa daxil olmaq üçün namizəd ölkələrdir. Yaxın vaxtlarda bu siyahıya Slovakiya və Sloveniyanın da əlavə olunacağı gözlənilir. Beləliklə, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq və ölkəmiz bu imkanlardan maksimum yararlanmaq niyyətindədir.

Azərbaycan hər zaman etibarlı təchizatçı olub. Ölkəmiz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və dost qonşu ölkələrlə birlikdə onu istismara verdi. İndi Azərbaycan Aralıq dənizində Türkiyənin Ceyhan limanından öz neftini müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir.

Bütün bunlar Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə möhkəmləndirir və ölkəmizin dünya miqyasında söz sahibi olan ölkələrdən biri kimi qəbul edilməsini şərtləndirir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.

Geri dön