Ana Sayfa > Özəl > NƏ YAXŞI KI, QARŞIMA ÇIXDIN... Zahid Qaralov – 90
NƏ YAXŞI KI, QARŞIMA ÇIXDIN... Zahid Qaralov – 9010-07-2024, 10:40. Yazar: sevinc1 |
“Mənəvi mərtəbələrdən hansına yüksəldimsə bu türkmən qocası Yunus qarşıma çıxdı”. Mövlana 10 iyul 2024-cü il tarixində, Ulu Öndər Heydər Əliyevin layiqli silahdaşı, 90-cı illərin əvvəllərində “Heydər dağına kölgə salmaq olmaz” deyə hayqıran, “Heydər Əliyevi və Naxçıvan Muxtar Respublikasını müdafiə Komitəsi”nin sədri seçilmiş, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” hesab olunan məşhur “91-lər” hərəkatının fəal iştirakçısı, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, İdarə heyəti və Siyasi Şuranın üzvü, Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətləri, özünəməxsus elmi məktəbi olan, görkəmli ictimai-siyasi xadim, “Qırmızı əmək bayrağı", "Şərəf" və "Şöhrət" ordenli, Əməkdar müəllimi, “Əmək veteranı” medallı, pedaqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralovun anadan olmasının 90 ili tamam olur. Ulu Borçalının Başkeçid (indiki Dmanisi) rayonunun Qızılkilsə kənd orta məktəbində oxuduğum vaxtlarda bizə dərs deyən müəllimlər şagirdləri oxumağa həvəsləndirmək məqsədilə, vaxtilə bizim məktəbimizdə yaxşı oxumuş, bilik və bacarıqlarına, tərbiyəsinə görə digərlərindən fərqlənən və daha sonralar isə işində və ictimai fəaliyyətində böyük uğurlar qazanan, bununla da el-obanın və məktəbimizin adını ucaldan məzunlardan fəxrlə danışar, bizim də onlara bənzəməyimizi tövsiyə edərdilər. Məktəbimizin belə məzunlarından biri də Zahid müəllim idi. Mənə dərs deyən müəllimlərin çoxunun Qızılkilsə kənd orta məktəbində Zahid müəllimlə eyni vaxtda oxuduqlarından, ondan söz düşəndə digərlərindən fərqli olaraq daha maraqla, fəxrlə, ağızdolusu, məhəbbətlə danışardılar. Hələ onun Ormeşən kənd məktəbində oxuyarkən eksperiment yolu ilə beşinci sinifdən yeddinci sinfə keçirilməsi, Qızılkilsə kənd orta məktəbində bütün müəllimlərin sevimlisi olmaqla yanaşı, həm də daha çətin hesab olunan fizika və riyaziyyat fənlərindən xüsusi istedada malik olması, ali məktəbə qəbulu zamanı aldığı yüksək qiymətlər, müvəffəqiyyətlə ali məktəbi bitirməsi, sonra qısa zaman kəsiyində öz bacarığı, istedadı, zəhmətsevərliyi və mətinliyi ilə həm pedaqoji, həm də ölkənin ictimai həyatında və el arasında qazandığı böyük hörmət və izzət haqqında müəllimlərimizin söylədikləri ibrətamiz kəlamlar hər bir şagird üçün ən şirin nağıla, arzuya çevrilərdi. Hər bir yaxşı oxuyan şagirdin qəlbində ona bənzəməklə bağlı istək baş qaldırardı və bəzən də bu istəyi biz öz aramızda qısqanclıqla paylaşardıq. Belə şagirdlərdən biri də mən olmuşam. Orta məktəbin sonuncu sinfində həyatda hansısa səmtə addımlamaq istədikdə heç özüm də bilmədən Zahid müəllimin böyük şəxsiyyəti və keçdiyi şərəfli həyat yolu mənə öz təsirini-sehr gücünü göstərdi. Bu işdə bibimoğlu Akif Qaralovun da böyük təsiri oldu. Maraqlarım məni Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə gətirib çıxartdı. Taleyimi fizika müəllimliyinə bağladım. Bundan sonra Zahid müəllimin fəaliyyəti ilə daha da yaxından maraqlanmağa, onu yenidən tanımağa başladım. Mən müəllimliyə başlayanda, Zahid müəllim respublikamızda və ondan kənarlarda öz elmi-pedaqoji nailiyyətləri və ictimai fəaliyyəti ilə kifayət qədər məşhur və diqqət mərkəzində olan-Azərbaycan SSR Maarif nazirinin müavini, Kollegiyanın üzvü, “Respublikanın Əməkdar Müəllimi”, “Qırmızı Əmək Bayrağı” ordeni və “Əmək veteranı” medalları ilə təltif olunmuş, zəngin təfəkkürə, elmi pedaqoji təcrübəyə malik görkəmli alim və pedaqoq idi. 1992-ci ildən bir müddət Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili idarəsində işləməyə başladım. Respublikanın müxtəlif təhsil müəssisələrində elm-təhsil adamları ilə tez-tez görüşlərdə olurdum. Əslən Borçalıdan olduğumu bilən kimi Zahid müəllimi tanıyıb tanımadığımdan asılı olmayaraq, onun haqqında həmişə insanların ağızdolusu, ürəkdən danışdıqlarını eşitmişəm və özümə qarşı onlardan diqqət və hörmət görmüşəm. Harada olmasından asılı olmayaraq indinin özündə də Zahid müəllimdən söz düşəndə, son fikir həmişə ürəkdən gələn təbii sözlərlə belə olur: Zahid müəllim əsl insan, əsl pedaqoq, əsl alim və əsl Böyük Vətəndaş idi. Zahid müəllim hər bir insana diqqət və qayğı ilə yanaşmaqda, dinləməkdə böyük səbir və təmkin sahibi idi. Onunla bir dəfə də olsun görüşmüş adamlar, bu görüşün onların taleyində yeni bir təkana, unudulmaz bir xatirəyə, böyük xeyirxahlığa çevrildiyindən minnətdarlıqla danışırlar. Bir dəfə mən ondan onun insanlar tərəfindən bir bu qədər sevimli olmasının səbəbini soruşdum. Cavabında -“Mənə olunan yaxşılıqların hamısı təmənnasız olunduğundan, mən də nə edirəmsə təmənnasız edirəm” sözlərini eşitdim. Zahid müəllimin belə dahiyanə fikirlərini birdəfəlik özümə amala çevirdim. Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili idarəsində işlədiyim vaxtlarda Respublikanın Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımovla bir otaqda otururduq. Onun hər tərəfli gözəl insan olması ilə yanaşı, öz peşəsinin bilicisi və həmkarları arasında bir mütəxəssis kimi böyük nüfuza malik olması hamıya bəlli idi. Bir dəfə mən ondan elmi işlə niyə maraqlanmadığını soruşdum. O da cavabında uzun müddət mərkəzdən kənarda işlədiyini və bir də yaşının bir qədər çox olmasını bəhanə gətirdi. Mən ona: “Gəl gedək Zahid müəllimlə məsləhətləşək” dedim. Elə də etdik. Nahar fasilələrindən birində Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutuna getdik. Görüş zamanı Zahid müəllim Nazim müəllimi xeyli sorğu-suala tutdu, aralarında maraqlı söhbət oldu. Nəticə olaraq o, Nazim müəllimin musiqi sahəsində bilik və təcrübəsini layiqincə qiymətləndirərək onun elmi tədqiqat işi ilə məşğul olmasının və bu işin heç vaxt gec olmamasının, əslində elmə onun kimi təcrübəli adamların gəlməsinin vacibliyini vurğuladı. Hətta professor Vidadi Xəlilovun ona elmi rəhbər olmasını da tövsiyə etdi. Bu görüşdən məmnunluqla ayrılan dostum Nazim Kazımov özundə güc və inam tapdı, qollarını çirmələyib işə çox ciddi başladı, qısa bir zamanda onun böyük etimadını doğrultdu. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun “Təbiət Allahın şah əsəridir” adlı belə bir əsəri vardır. Allahın şah əsəri-təbiəti öyrənən elmin öyrədilməsinə-fizikanın tədrisi metodikasına olan sonsuz maraq və istəklərim məni də Zahid müəllimin hüzuruna apardı. O, məni diqqətlə dinlədi, istəyimi qiymətləndirdi, bir az gec gəldiyimə görə də iradını və elmin hər zaman gərəkli, qiymətli olduğunu da bildirdi. Daha sonra isə “Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər” mövzusunda tədqiqat aparmağımı məsləhət bildi. Mövzu ilə bağlı Zahid muəllim danışanda elə bil öz həyatından danışırdı və elmi tədqiqat işimi haradan başlayıb harada qurtaracağımla bağlı düşüncələrini zərgər dəqiqliyi ilə ipə-sapa düzürdü. İlk dərs xeyirxahlıq və qədirbilənlikdən oldu. Azərbaycanda fizika və fizikanın tədrisi metodikası elmlərinin yaranması və inkişafında müs¬təs¬na xidmətlər göstərmiş, bu sahələrə bir çox yeni¬liklər gətirmiş, respublikamızda yüksək ixtisaslı elmi-pedaqoj¬i kadr hazırlığı, elm və təhsil quruculuğu ilə bağlı təşkilatçılıq işinə böyük əmək sərf etmiş, ana dilində ilk dərslik, monoqrafiya ənənəsini qoyan SSRİ PEA-nın üzvü olmuş ilk azəbaycanlı alim Abasqulu Ağabala oğlu Abaszadədən ata sevgisi və oğul doğmalığı ilə söhbət açdı. Zahid muəllim həm də zaman-zaman onun muəllimlik peşəsinin sirlərinə yiyələnməsində Abasqulu Abaszadə ilə yanaşı respublikamızın tanınmış alimləri prof. Mehdi Mehdizadənin, prof. Məmmədbəy Əfəndiyevin, prof. Əhməd Seyidovun, prof. Zəki Kazımzadənin, prof. Abdulla Muxtarovun, prof. İbrahim İbrahimovun, prof. Mərdan Muradxanovun, prof. Əhməd Kədəri Zəkizadənin, prof. Yusif Əmənzadənin, prof. Rəşid Məmmədovun və başqalarının da xatirələrini ehtiramla yad etdi. Zahid müəllimin xeyir-duasını aldıqdan sonra 2003-cü ilin mart ayında Azərbaycan Təhsil Problemləri İnstitutunda doktoranturaya qəbul oldum. 2007-ci ildə həvəslə başladığım elmi tədqiqat işini tamamladım. Mövzu ilə bağlı elm adamları ilə görüşdüm, təhsil müəssisələrində oldum, müxtəlif problemlərin həlli yollarını axtardım. Hər yerdə Zahid müəllimin böyük zəhmətinin bəhrəsi olan, müasirliyi özündə qoruyub saxlamağı bacaran, həmişəyaşar elmi əsərləri, bir də Zahid Qaralov məktəbinin çoxsaylı, layiqli davamçıları qarşıma çıxdılar. Qarşıma çıxan bu Böyük Türk qocası ilə bağlı uzun illər qəlbimdə gəzdirdiyim düşncələrim belə oldu: Zahid müəllim ilk görüşdə səliqə-səhmanlı, nəzakətli-mehriban, üzü-gözü gülər, üzündə Peyğəmbər nuru olan bir insan idi... Ona daha da yaxınlaşdıqca onun dünyagörüşlü, alicənab, qürurlu, söhbəti-ürfan görmüş, yeri-göyü sevən, Böyük Yaradana inanan bir adam olduğunu gördüm. İşindən, elmdən danışanda işinin ustası, peşəsinin sahibi, nizamlı-intizamlı, hər yerdən və hər şeydən halı, özü yaratmağı bacaran və yaradanlara, haqqa üz tutanlara və düz danışanlara arxa və rəhbər-böyük olmağı bacaran, Allah yolunu gözləyən bir insaf adamı idi... Ruhuna gəldikdə isə doğulduğu torpaq-Borçalı kimi müqəddəs və ətirli, çiçək kimi zərif, mətin-çətin, kövrək, hala yanan, deyib-gülməyi bacaran, adilərdən adi, sadələrdən sadə, Allaha sığınan bir adam idi... Bəzən həyatda müəllimlik peşəsini tam dolğunluğu ilə şərh etmək üçün bütün istədiklərmizi özündə birləşdirə bilən müxtəlif etalonlar axtarırıq. Zahid muəllim müəllimliyin əsl etalonu idi, Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun bir şeirində olduğiu kimi: Dünya mənim idi, mən olmamışdan. Bilirəm dünyaya mən niyə gəldim. Yazıldı alnıma müəllim qisməti. Zamana dərsimi deməyə gəldim. Bir sözlə, Zahid muəllim dünyaya niyə gəldiyini bilən adam idi. Yaradıcı adamlara məxsusluqla zamana sözünü deməyi bacaran, dərsini deyən Zahid muəllimin böyük və ağır zəhmətinin bəhrəsi olan çoxsaylı elmi-pedaqoji, siyasi və bədii əsərləri onun arxada qalan illərinin xoş xatirələri olmaqla yanaşı, həm də gələcəyə inamla baxan, dövlətimizə və millətimizə gərəkli olan həmişəyaşar ideyaların daşıyıcısıdırlar. Zahid Qaralovun yazdığı “Məktəblinin fizika lüğəti” (Azər Abaszadə ilə birlikdə), “Məktəbdə peşə oriyentasiyası üzrə iş”, “Fizikanın tədrisində təlim və tərbiyənin vəhdəti”, “IV-VIII siniflərdə əmək təlimi”(N.Quliyev və N.Şışkinlə birlikdə), “Fizka tədrisinin səmərəliliyinin artırılması yolları”, “Fizika qanunlarının tədrisi”, “Məktəbdə əxlaq tərbiyəsi”, “Məktəblilərin tərbiyə nəzəriyəsi və təcrübəsi”, “Təhsil sisteminə müasir baxış”, onun rəhbərliyi ilə ibtidai siniflər üçün yaradılmış riyaziyyat üzrə tədris kompleksi və digər fundamental əsərləri ona şərəf gətirməklə yanaşı, bu gün də mütəxəssis və tələbələrin stolüstü kitabı olaraq qalmaqdadır. Zahid müəllim 150-dən çox monoqrafiya, dərslik, tədris proqramı, müəllim, valideyn, şagird-tələbə üçün metodiki vəsaitin, 150-dən çox jurnal məqalələrinin, tezislərin, topluların, 500-dən çox qəzet məqalələrinin müəllifi, 80-dən çox namizədlik dissertasiyasının rəhbəri, 15-dən çox isə doktorluq dissertasiyalarına elmi məsləhətçi olmuşdur. Respublikamızın müstəqillik mübarizəsində Zahid Qaralov əsl ziyalı kimi xalqın önündə oldu. Bu şərəfli mübarizədə o, ilk gündən öz layiqli yerini xalqımızın sevimlisi Ulu Öndərin yanında tapdı. Onun Heydər Əliyevə olan böyük inam və sevgisi ilə bağlı ötən əsrin 90-cı illərinin əvvəllərində “Heydər dağına kölgə salmaq olmaz” adlı məqaləsi “İki sahil” və “Səs” qəzetlərində dərc olundu. 7 dekabr 1992-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında akademik Ziya Bünyadovun sədrliyi ilə keçirilən Ziyalılar Konfransında “Naxçıvan Respublikasının dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevin Müdafiəsi Komitəsi” yaradıldı və Zahid Qaralov onun sədri seçildi. 1992-ci ilin noyabrda Yeni Azərbaycan Partiyasının yardılması ilə bağlı Naxçıvan şəhərinə uçan 3-5 nəfərlik təşəbbüs qrupunun içində Zahid Qaralovda var idi.” 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransında Zahid müəllim Partiyanın İdarə heyəti və Siyasi Şurasının üzvü seçildi. O, Yeni Azərbaycan Partiyasının yarandığı gündən ömrünün sonunadək Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının sədri oldu. Məhz 15 iyun 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı dövlətimizi və xalqımızı bütün bəlalardan xilas etdi, yeni bir dövrün, inkişaf və tərəqqinin əsasını qoydu. Zahid müəllim 1995-ci ilin oktyabrında ilk demokratik seçkidə Azərbaycan Respublikası Milli Məclisinə deputat və Yerli özünüidarə daimi komissiyasının sədri seçilməsinə, həmçinin 2000-ci ildə Milli Məclisə keçirilən ikinci seçkidə təkrar deputat seçilməsinə və Regional məsələlər daimi komissiyasına rəhbərlik etməsinə baxmayaraq, bütün dövrlərdə pedaqoji sahəyə xüsusi diqqət yetirmiş, bu sahədə mövcud olan qlobal problemlərə “Tərbiyə”(üç cild), Məhəmməd Nəsirəddin Tusi: elm, saf əxlaq dünyasına açılan qapı (2 cild), “İdeologiya və mənəviyyat”, “Əbədiyyata gedən yollar (Heydər Əliyev barədə)”, “Heydər Əliyevin elmi irsi” (2 cild), “Heydər Əliyev-Milli ləyaqət ölçüsü” kimi yeni-yeni fundamental əsərləri ilə aydınlıq gətirdi və öz layiqli sözünü dedi. Zahid müəllimin keçdiyi şərəfli ömür yolu bu gün bütün Azərbaycan cəmiyyətı tərəfindən böyük ehtiram və hörmətlə xatırlanır, layiqincə qiymətləndirilir, əsl Vətəndaşlıq nümunəsi kimi göstərilir. Göstərdiyi gərgin və fədakar əməyinə görə Zahid müəllim Sovetlər dönəmində “Respublikanın Əməkdar müəllimi" fəxri adına layiq görülmüş, “Qırmızı əmək bayrağı" ordeni və SSRİ Ali Soveti Rəyasət Heyətinin “Əmək veteranı” medalı ilə təltif olumuş, Müstəqil Azərbaycan dövləti tərəfindən isə ona “Şərəf” və “Şöhrət” ordenləri verilmişdir. Böyük İnsan, Böyük Müəllim, Ustadım, Allah Sizə rəhmət eləsin, ruhunuz şad, məkanınız cənnət olsun... Pedaqogika üzrə elmlər doktoru Vidadi Ömər oğlu Orucov Geri dön |