Ana Sayfa > Siyasət / Manşet > Gələcək inkişafa töhfə

Gələcək inkişafa töhfə


8-07-2024, 13:39. Yazar: sevinc1
Gələcək inkişafa töhfə

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor


Qazaxıstanın paytaxtı Astana şəhərində "Şanxay Əməkdaşlıq Təşkilat"ının Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması ölkə başçımıza olan böyük hörmət və ehtiramın nümunəsi, eləcə də Azərbaycanın dünyada nüfuzlu bir ölkə olmasının sübutudur. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan tək regionda deyil, beynəlxalq aləmdə çox əhəmiyyətli bir dövlətə, eləcə də dünya iqtisadiyyatına böyük töhfə verən ölkəyə çevrilmişdir. Qazaxıstanda ölkə başçımız ŞƏTə üzv olan bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirtdi və dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə edildi. Bu baxımdan son dövrlər Azərbaycanla Çin arasında iqtisadi, siyasi əlaqələr getdikcə dərinləşməkdədir. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, Azərbaycan isə Çinin "Vahid Çin" siyasətini dəstəkləyir. Azərbaycanın Xarici İşlər Nazirliyi Tayvanda keçirilən seçkiləri tanımadığını bildirən bəyanatla çıxış etmişdir. Azərbaycan Tayvanın Çinin bir hissəsi olduğunu dəfələrlə vurğulamışdır. Qazaxıstanda dünyanın iqtisadi və siyasi cəhətdən lider dövlətlərindən olan Çinlə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbul edilməsi Azərbaycanın xarici siyasətinin uğurudur.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin daha da genişləndirilməsi istiqamətində Azərbaycanın öz ərazisində böyük nəqliyyat-logistika infrastrukturu yaratdığını və gələcəkdə Şərq-Qərb, Şimal-Cənub marşrutları üzrə yükdaşımaların həcminin artırılması üçün əlavə tədbirlərin görüləcəyi barədə məlumat verdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən əhəmiyyətli tərkib hissəsinə çevrilmişdir. Bu dəmir yolu vasitəsilə Şərqən Qərbə və əks istiqamətdə yükdaşımaların həcmi hər il artmaqdadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Azərbaycandan keçməklə bu marşrut xəttləri ilə yükdaşımalar iqtisadi cəhətdən çox səmərəlidir və ən qısa məsafədir. Ölkəmizdə yaradılan şaxələndirilmiş nəqliyyat qovşağı bütün dövlətlərin iqtisadi inkişafına böyük töhfələr verir. Prezident İlham Əliyevin iqtisadi-siyasi, həm də enerji sahəsində həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət etməklə yanaşı bəşəriyyətin gələcək inkişafına da töhfə verir. Azərbaycan neft-qazla zəngin olan ölkə olmasına baxmayaraq dünyanın yaşıl enerjiyə keçid prosesində əhəmiyyətli rol oynayır. Bu istiqamətdə Azərbaycanda görülən işlər, həyata keçirilən böyük layihələr dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır. Dünyanın təxminən 200 ölkəsinin ən böyük və nüfuzlu COP-29-a Azərbaycanın ev sahibliyi etməsi barədə yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi böyük və misilsiz xidmətlərinə verilən qiymətdir. Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkən ölkə olmasına baxmayaraq, özü də inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bakıda keçiriləcək COP-29 konfransında Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə bütün dövlətlər arasında körpü rolu oynayacaq bir ölkə olacaq.

aia.az
Geri dön