Ana Sayfa > Siyasət > Böyük siyasətin təntənəsi
Böyük siyasətin təntənəsi7-07-2024, 15:25. Yazar: sevinc1 |
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirak etdiyi Zirvə görüşü bir çox məqamları ilə, nəhayət imzalanmış tarixi Qarabağ Bəyannaməsi ilə diqqəti cəlb edib. Ölkəmizin regionda liderliyinin birmənalı qəbul edilməsindən sonra Mərkəzi Asiyada önəmli aktora çevrilməsinin sübutu kimi dəyərləndirilən bu görüş və qəbul edilən sənədlər çox mühüm əhəmiyyətə malikdir. Orta Dəhliz layihəsinin inkişafına böyük önəm verən Azərbaycan rəhbəri, bununla həm də Türk dünyasının inkişafı, iqtisadi qüdrətinin yüksəlməsi üçün mümkün olan hər şeyi edir. Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzlərindən biri kimi görmək istəyən cənab İlham Əliyev qeyd edib ki, “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.” Mühüm geosiyasi mövqeyə malik olan ölkəmiz Mərkəzi Asiyadan Avropaya qədər uzanan əsas ticarət yollarının üzərində yerləşməklə bərabər, türk dünyasının birləşməsi, inkişaf etməsi üçün mərkəz, açar rolunu oynayır. Ölkəmizin başçısının qeyd etdiyi kimi, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi, Bakı Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Ticarət Limanı bu məqsədə xidmət edir. Cari ilin noyabrında ölkəmiz COP29 kimi nəhəng beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir. Eyni zamanda türk dövlətlərinin bu sahədə dəstəyini alan ölkəmiz bununla bərabər bir sıra layihələrin icrasını da davam etdirir və yüksək nəticələr əldə olunmaqdadır. Kifayət qədər enerji resurslarımızın olmasına baxmayaraq, yaşıl enerji layihəsini gerçəkləşdirməyimiz də bunu bir sübutudur. Bu da onu göstərir ki, ölkə rəhbərliyi dünyada gedən prosesləri dəyərləndirərək hər şeydən əvvəl bəşəriyyətin və dünyanın sağlam inkişafına töhfə verməyi hədəfləyir. Qeyri-rəsmi Zirvə görüşünün nəticələri isə çox böyük bir tarixi hadisədir. İyulun 6-da qəbul edilmiş Qarabağ Bəyannaməsi bir daha göstərdi ki, türk dövlətlərinin birliyi özünün ən yüksək inkişaf mərhələsinə doğru inamla addımlayır. Vaxtilə ideya müəllifi Ulu öndər Heydər Əliyev olan Türk dünyasının birliyi məhz cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək indiki səviyyəyə qədər gəlib çatmışdır. Görüşdə cənab Prezident İlham Əliyev bildirmişdir ki, “Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.” Bu da onu göstərir ki, Azərbaycan bir dövlət olaraq qardaş xalqların birliyinin möhkəmlənməsi və inkişafı üçün heç nədən çəkinmir, təşkilatın beynəlxalq güc mərkəzinə çevrilməsi üçün maddi resurslarından səmərəli istifadə edir. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti elan edən cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyəti artıq hətta bizi istəməyənlər tərəfindən belə təqdir olunmaqdadır. Qəbul edilən Qarabağ Bəyannaməsi isə indiyə qədər birliyimiz yolunda atılan addımların bir növ hesabatı olmaqla yanaşı, həm də fəaliyyətin bundan sonrakı istiqamətlərini də müəyyən etmişdir. Bəyannamədə hər bir üzv dövlətin, həmçinin müşahidəçi dövlətlər olan Quzey Kıbrıs Türk Cümhuiryyətinin, Macarıstan və Türkəmnistan Respublikalarının birliyə töhfələri qeyd edilməklə iqtisadi və siyasi inkişafa real güc mərkəzinə çevrilməyə doğru gedən yolda mübarizənin bundan sonra da davam edəcəyinə diqqət verilir. Qarabağ Bəyannaməsi əslində dünyanın çoxqütblü inkişafa doğru gedişində türk amilinin nəzərə alınmasının vacibliyini önə çəkir. Dünya güc mərkəzlərinə ciddi bir mesaj verilir ki, Mərkəzi Asiyada və Cənubi Qafqazda Türk dövlətlərinin iştirak etmədiyi hər hansı layihənin reallaşması qeyri-mümkündür. Türkiyənin və Azərbaycanın bu regionda söz sahibi olmasını qəbul etmək istəməyən heç kim burada müvəffəqiyyət qazana bilməz. Bu isə az müddətdə bu qədər nəhəng irəliləyişə atılan imzanın müəlliflərindən olan cənab ilham Əliyev siyasətinin təntənəsidir. Arif Fərzəliyev, Yap Cəbrayıl rayon təşkilatının sədri Geri dön |