Ana Sayfa > Manşet / Siyasət / Özəl > Əziz Ələkbərli: “Qarabağ Bəyannaməsi Türk dünyasının XXI əsrə dair inkişaf manifesti, cənab İlham Əliyevin böyük Türk dünyasına töhfəsidir”

Əziz Ələkbərli: “Qarabağ Bəyannaməsi Türk dünyasının XXI əsrə dair inkişaf manifesti, cənab İlham Əliyevin böyük Türk dünyasına töhfəsidir”


7-07-2024, 11:54. Yazar: sevinc1
Əziz Ələkbərli: “Qarabağ Bəyannaməsi Türk dünyasının XXI əsrə dair inkişaf manifesti, cənab İlham Əliyevin böyük Türk dünyasına töhfəsidir”

“Türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti elan edən cənab Prezident İlham Əliyev XXI əsrin Türk əsri kimi tarixə düşməsi, bu ideyanın gerçəkləşməsi üçün çoxşaxəli fəaliyyəti ilə dünya gündəmində yer almaqdadır. Gərgin iş qrafiki, müxtəlif tədbirlər, səfərlər bütövlükdə bu prioritet istiqamətə fokuslanmışdır. Bir neçə gün bundan əvvəl Astanada-Şanxay Əməkdaşlıq Təşkilatında cənab Əliyevin tarixi çıxışı, imzaladığı sənədlər Azərbaycanın həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada önəmli aktor olduğunu bir daha təsdiq etmiş oldu. Çevik və uzaqgörən xarici siyasətin memarı olan ölkə başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirmək kimi çox nəhəng bir missiyanı şərəflə yerinə yetirməkdə, Türk dünyasının dünyanın güc mərkəzinə çevrilməsi sahəsində əzmlə mübarizə aparmaqdadır. Bunu iyulun 6-da Şuşa şəhərində TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, qəbul edilmiş Qarabağ Bəyannaməsi bir daha təsdiq etdi. Bəyannamənin yekununda qeyd edilmiş “TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər” sözləri cənab Prezidentin fəaliyyətinə verilmiş tarixi qiymətdir.”

Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli söyləmişdir.


Müsahibimiz qeyd etmişdir ki, bu gün üçün bəlkə də sıradan bir görüş olan Şuşa Zirvə görüşü əslində çox böyük tarixi məna daşıyır. Zaman keçdikcə biz bunun nə qədər mühüm və əhəmiyyətli olduğunu həm iqtisadi gücümüzdə, həm də siyasi müstəvidə qazandığımız nailiyyətlərdə hiss edəcəyik. Əslində, gözlərimiz önündə bilavasitə şahidi olduğumuz tarixi hadisələr yaşanır və yeni tarix yazılır. Bunun da müəlliflərindən biri və birincisi Azərbaycan Lideridir, cənab Prezident İlham Əliyevdir. 31 maddədən ibarət olan Qarabağ Bəyannaməsinin demək olar ki, hər maddəsində Azərbaycanın və onun Lideri cənab İlham Əliyevin Türk dünyasına, Türk dövlətləri Təşkilatının inkişafına göstərdiyi diqqət və qayğı xüsusi vurğulanır.
Məhz ölkəmizin başçısının həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanın Türk dünyasının birliyinə töhfələrini, etibarlı tərəfdaş və yaxşı dost olmasını nəzərə alan Qazaxıstan, Qırğızıstan, Özbəkistan işğaldan azad olunmuş ərazilərimizdə öz vəsaitləri hesabına məktəb, incəsənət mərkəzi və məscid inşa edirlər və bu, ölkəmizə qardaş dəstəyinin əyani nümunələrindəndir. Qardaş Türkiyə şirkətləri isə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında fəal iştirak edirlər.”

Əziz Ələkbərli qeyd edib ki, “cəmi 4 il ərzində Azərbaycanın incisi olan Şuşanı, necə deyərlər, əsirlikdən vəzirliyə qədər yüksəldən cənab İlham Əliyevin həyata keçirdiyi Böyük Qayıdış heyrətamiz dərəcədə nəhəng bir proqram olmaqla diqqət çəkir və hamı tərəfindən təqdir edilir. Az bir vaxtda bərpa olunan, Türk dünyasının mədəniyyət paytaxtına, eləcə də TDT dövlət başçılarının Zirvə görüşlərinin keçirildiyi mərkəzə çevrilən Şuşada yazılan yeni Türk tarixi zaman keçdikcə daha çox məna daşıyacaqdır.

Azərbaycanın Orta Dəhliz layihəsinə dəstəyi Türk dünyası üçün bir töhfədir. Dəyər zənciri adlandırılan bu layihədə ölkəmiz əsas həlqələrdən biridir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars Dəmir yolu Orta Dəhlizin Mərkəzi Asiyadan Avropaya qədər uzanan əsas infrastrukturlarındandır. Məhz Azərbaycanın diqqəti və sərmayəsi hesabına ötürücülük qabiliyyəti bir neçə dəfə artan bu infrastrukturlar ümumi daxili məhsulu 1 trilyon ABŞ dolları olan Türk dövlətlərini birləşdirməklə bərabər, bu dövlətlərin iqtisadi inkişafında çox böyük sıçrayışa səbəb olacaqdır.”

Əziz Ələkbərli sonda bildirib ki, “şahidi olduğumuz bu tarixi hadisənin ideya müəllifi Ulu Öndər Heydər Əliyevdir. Bu böyük şəxsiyyətin ideallarını və nəhəng siyasətini inamla, qətiyyətlə həyata keçirən cənab Prezident İlham Əliyev isə hər gün, hər saat regionda və Türk dünyasında, eləcə də dünya çapında önəmli şəxsiyyət kimi, Lider kimi diqqəti cəlb edir. Hər kəlməsi imzası qədər keçərli olan cənab İlham Əliyev indi bütün Türk dünyasından dəstək alır və bu böyük ailənin mənafeyinə xidmət edən tarixi hadisələrə imzasını qoyur. Belə bir rəhbərin, Liderin yanında olmaq, onunla birlikdə gələcəyə addımlamaq, onun həyata keçirdiyi nəhəng işlərdə rol almaq da bir xoşbəxtlikdir. İyulun 6-da imzalanmış Qarabağ Bəyannaməsi isə Türk dünyasının XXI əsrə dair inkişaf manifesti, cənab İlham Əliyevin böyük Türk ailəsinə töhfəsidir. Heç kəs şübhə etməsin ki, 2022-ci il sentyabrın 27-dən başlanan Zəfər yolu yaxın vaxtlarda Qərbi Azərbaycanlıları da öz ata-baba yurdlarına qovuşduracaqdır.”
Geri dön