Ana Sayfa > Özəl / Siyasət / Manşet > Əziz Ələkbərli: “ŞƏT-lə əməkdaşlıq ölkəmizin iqtisadi gücünü və siyasi mövqeyini gücləndirəcəkdir.”
Əziz Ələkbərli: “ŞƏT-lə əməkdaşlıq ölkəmizin iqtisadi gücünü və siyasi mövqeyini gücləndirəcəkdir.”4-07-2024, 15:45. Yazar: sevinc1 |
“Şanxay Əməkdaşlıq Təşkilatı demoqrafik baxımından böyük resursa malik təşkilatlardan biridir. Üzv, müşahidəçi və dialoq tərəfdaşları olan ölkələrdə dünya əhalisinin yarısı yaşayır. Təşkilat dünyada güc mərkəzlərinin təsir dairəsindən kənardır. Müstəqil siyasət, dünyanın çoxqütblülüyünün tanınması və üzv dövlətlərin hegemonluq iddialarından əl çəkməsi ŞƏT-i daha cəlbedici hala gətirir. ŞƏT-in cəlbediciliyinin digər tərəfi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasıdır. Bu mənada Azərbaycanın bu təşkilatda dialoq tərəfdaşı kimi çıxış etməsi ölkəmizin iqtisadi imkanlarının yaxşılaşdırılması ilə yanaşı, siyasi vektorlarda da manevr imkanlarını genişləndirəcəkdir.Ölkəmizlə əmkdaşlıq ŞƏT üçün də cəlbedicidir. Çünki Azərbaycanın geostrateji mövqeyi, Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artırır.” Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib. Müsahibimiz bildirib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşkilatın "ŞƏT+" formatında Astanada keçirilən sammitində iştirak etməsi ölkəmizin gələcək inkişaf modelinə və strategiyasına uyğundur. 16 ölkənin dövlət və hökumət başçılarınin iştirak etdiyi sammitdə ölkəmizin başçısı ikinci dəfə Azərbaycanın mövqeyini açıqlamaqla əməkdaşlıq prinsiplərinə sadiqliyini bildirəcəkdir. Dünyanın iqtisadi nəhənglərindən biri olan Çinlə əməkdaşlıq bu mənada Azərbaycan üçün çox əhəmiyyətlidir. Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması bu qənaətimizi daha da möhkəmləndirmişdir.” Əziz Ələkbərli qeyd edib ki, “cənab Prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gələn əməkdaşlıq və dialoq, regional təhlükəsizlik, qarşıdurmalardan imtina etməklə iqtisadi inkişafa üstünlük vermək ölkəmizin iqtisadi gücünü və siyasi mövqeyini gücləndirəcəkdir.” Geri dön |