Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-9 > Əziz Ələkbərli: “Festival-konqresi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyev və xalqımız qarşısında hesabat kimi dəyərləndirmək olar.”

Əziz Ələkbərli: “Festival-konqresi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyev və xalqımız qarşısında hesabat kimi dəyərləndirmək olar.”


26-06-2024, 09:47. Yazar: sevinc1
Əziz Ələkbərli: “Festival-konqresi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyev və xalqımız qarşısında hesabat kimi dəyərləndirmək olar.”

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi iyunun 21-də Zəngəzur Milli Parkının Qərbi Azərbaycanın qonşuluğunda yerləşən Batabat yaylağında təntənəli açılış və qədim el törənlərini xatırladan etnoqrafik festivalla start götürmüşdür. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbir ciddi ictimai maraq doğurmuşdur. Tədbirin əsas məqsədi ölkə Prezidenti cənab İlham Əliyevin yurd-yuvasından didərgin düşmüş Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətinə elmi əsaslarla dəstək vermək, həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaqdır. 2023-cü ildə keçirilən birinci festivaldan keçən müddət ərzində görülən işlər, festival-konqresin nəticələrinə dair məlumatlar indi daha çox ictimai maraq doğurur. Bu və digər suallara cavab almaq üçün aia.az-ın müxbirinin Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli ilə müsahibəsini təqdim edirik:

-Əziz müəllim, öncə belə möhtəşəm tədbirin müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi təbrik edirik. Sualımıza gəlincə, bildiyimizə görə, birinci festival Naxçıvanda 2023-cü ilin noyabrında keçirilmişdi. İkinci festivalın da eyni məkanda keçirilməsinin yəqin ki bir mənası var.

- Təbrikinizə görə çox sağ olun. Tədbirin ikinci dəfə Naxçıvanda keçirilməsi, əlbəttə, təsadüfi deyil. Əvvəla, Naxçıvan həm Qərbi Azərbaycanla, həm də Türkiyə ilə həmsərhəddir. İkincisi, bu ərazi Dərələyəz və Zəngəzur mahalları ilə həmsərhəd bölgədir. Ona görə də Batabat yaylağı festivalın keçirilməsi üçün ən əlverişli yerdir. Lakin buna baxmayaraq, festivallar digər bölgələrdə də keçiriləcək. Qərbi azərbaycanlıların sıx məskunlaşdığı bölgələrimizdə belə tədbirlərin keçirilməsi planlaşdırılmışdır və yaxın müddət ərzində biz bu planın icrasına başlayacağıq.
Festival-konqresin ilk gününü Batabat yaylağında keçirdik. Burada Qərbi Azərbaycanın mahallarından 11-ni təmsil edən çadırlar qurulmuşdu. Tədbirin özəyini təşkil edən folklor və etnoqrafik, eləcə də milli mətbəx nümunələrimiz tədbirə məxsusi gözəllik və dəyər verirdi. Xüsusilə burada Qərbi Azərbaycana məxsus toy mərasiminin təşkil olunması, müxtəlif folklor nümunələrinin təqdimatı yaddaşlarda böyük izlər buraxdı.
Görüş iştirakçılarının Naxçıvanı ölkənin əsas hissəsindən ayıran Zəngəzur dəhlizinin başlanğıcı olan Kotam kəndi ərazisində- Salamməlik dəmiryol stansiyasında rəmzi yürüşü şəxsən mənim özümdə qəribə duyğular oyatdı, hələ də o duyğuların təsiri altındayam.
Bir şeyi də diqqətə çatdırım ki, folklor xalqımızın qan yaddaşıdır. Babalarımızın, nənələrimizin söylədikləri hər şey folklorumuzda öz əksini tapır. Bütün bunlar onu göstərir ki, Qərbi Azərbaycan hər birimizin qəlbində yaşayır və Qarabağa qayıdışımız kimi, inşallah, Qərbi Azərbaycana qayıdışımız da baş tutacaq.

- Adından göründüyü kimi, festival-konqres təkcə mədəni tədbirlərdən ibarət olmayıb...

- Bəli, çox düzgün qeyd edirsiniz. İki gün davam edən tədbir Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunmuş sanballı bir ictimai-mədəni müzakirə platformasına çevrildi. Konkret desək, festival-konqresi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyev və xalqımız qarşısında hesabat kimi dəyərləndirmək olar. Festival-konqresdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, eləcə də qardaş Türkiyədən olan universitetlər tərəfdaş qismində iştirak edirdilər. Tədbirin ikinci günündə qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyəti təbliğ etməklə yanaşı, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşıyan konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəldi. Konqres çərçivəsində keçirilən bölmə iclaslarında elm adamlarının Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklər dinlənildi və fikir mübadiləsi aparıldı. Naxçıvan Dövlət Universitetinin iclas salonlarında təşkil edilən panellərində “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan: dil faktları və toponimika”, “Qərbi Azərbaycan ədəbiyyatı və folkloru”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri”, “Qərbi Azərbaycanın təbii sərvətləri”, “Qərbi Azərbaycanın mədəni sərvətləri” mövzularında məruzələr dinlənildi.

- Tarixə nəzər saldıqda deprotasiyalar, sürgünlər soydaşlarımızın dəfələrlə üzləşdiyi ən ağır hadisələr göz önündə canlanır. Tarixi ərazilərimizdə mövcud olmuş zəngin mədəni irsimiz, abidələrimiz indi, demək olar ki, dağıdılıb. Bu mənada belə tədbirlərin mütəmadi keçirilməsi gənc nəslin qan yaddaşını təzələməyə, mili ideya ətrafında sıx birləşməyə kömək edəcəkdir.

- Tamamilə doğrudur. Belə tədbirlərin keçirilməsi ilk növbədə yetişməkdə olan gənc nəslin tarixi torpaqlarımıza sahiblənmək ideyası əsasında tərbiyə olunmasına hədəflənir. Deportasiya və sürgünlərə gəlincə, bu proses uzun bir dövrü əhatə edir. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Sözsüz ki, deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də müşayiət olunub, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib, açıq şəkildə mono-etnik dövlətçilik və etnik təmizləmə siyasəti həyata keçirilib. 1970-1980-ci illərdə - Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız növbəti deportasiya və etnik təmizləməyə məruz qalmayıb. Lakin 1987-ci ildə Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyindən getməsi Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti acı taleyinin başlanğıcı oldu, 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və ən dəhşətli mərhələsi baş verdi. Azərbaycan türklərinin Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 277 yaşayış məntəqəsindən 300 minə yaxın soydaşımız zorla qovuldu, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirildi, 400 nəfərdən artıq insan yaralandı, bir çoxlarının evləri, əmlakları yandırıldı, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edildi, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silindi. Bu faktlar səbir və təmkinlə, eyni zamanda elm əsaslarla dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

- Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasının həyata keçirilməsi sahəsində daha hansı işlər görüb və görməkdədir?

- Öncə qeyd edim ki, bu Konsepsiyanın ideya müəllifi olan cənab Prezident İlham Əliyev təkcə Qərbi Azərbaycan İcmasının yox, bütün ziyalıların qarşısında çox mühüm vəzifələr qoyub. Bu vəzifələrin mahiyyətini qısa ifadə etsək, Vətən məhəbbəti adlandırmaq olar. Yəni Vətənə, xalqa, torpağa, dövlətə məhəbbəti olan hər bir kəs bu amal uğrunda mübarizəyə dəstək verməlidir. İcmanın gördüyü işlərə gəlincə, fəaliyyətimiz nəticəsində Qərbi Azərbaycana qayıdış ideyası ilk dəfə beynəlxalq müstəviyə çıxarılıb, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın 225 bəyanatı qəbul edilib. Qərbi Azərbaycan İcmasının yeddi rəsmi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə, kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycan Respublikasının 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bu gün artıq Qərbi Azərbaycana qayıdış tək qərbi azərbaycanlıların və Azərbaycan Respublikasında yaşayan 10 milyon soydaşımızın məsələsi deyil. Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bir çox məqamlarda bütöv Türk dünyasının məsələsidir. Bu, soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır. Bu, Ulu Öndər Heydər Əliyevin bizə vəsiyyəti, cənab Prezident İlham Əliyevin tapşırığı və atalarımız qarşısında övladlıq, övladlarımız qarşısında atalıq borcumuzdur.

- Əziz müəllim, bu festival-konqresin nəticəsini konkret olaraq necə qiymətləndirərdiniz?

Festival-konqres göstərdi ki, zaman-zaman Qərbi Azərbaycandan qovulmuş milyonlarla soydaşımızın, onların varislərinin əzəli insanlıq haqqı olan qayıdıb doğma torpaqlarında yaşaması ideyası bu gün qarşısıalınmaz bir hərəkat halına gəlib. Əminliklə deyə bilərəm ki, zəngin mədəni irsin sahiblərinin pozulmaz qan yaddaşı və misilsiz yurd sevgisi Qərbi Azərbaycana qayıdış hərəkatını irəli aparan güclü lokomotiv rolunu oynayacaqdır.










Aia.az
Geri dön