Ana Sayfa > Özəl > Dənizçilik Azərbaycanda ən dinamik inkişaf edən sahələrdən biridir
Dənizçilik Azərbaycanda ən dinamik inkişaf edən sahələrdən biridir25-06-2024, 10:30. Yazar: sevinc1 |
Məlum olduğu kimi, Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib. Azərbaycanda isə “Dənizçi günü” Ölkə Prezidenti cənab İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilib. Ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verən dənizçilər öz peşə bayramlarını hər il olduğu kimi, bu il də böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri sayəsində SSRİ-nin süqutundan sonra bir çox bir çox keçmiş müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda Xəzər donanması qorunub saxlanıldı, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirildi. Bu gün də dənizçilik Azərbaycanda ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin nəticəsi olaraq respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, eləcə də peşəkar dənizçilərin hazırlanması istiqamətində atılmış addımlar Beynəlxalq Dəniz Təşkilatının və dünyanın qabaqcıl dəniz dövlətlərinin ekspertləri tərəfindən müsbət qiymətləndirilib, bu sahədə uzun illər ərzində ölkəmizin formalaşdırılmış nüfuzu qorunub saxlanılıb. Qədim və zəngin dənizçilik tarixinə malik olan respublikamızda qabaqcıl dəniz dövlətləri ilə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması bu sahədə yeni-yeni uğurların əldə olunmasına və davamlı inkişafın təmin edilməsinə zəmin yaradıb. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin formalaşdırılması, onların təhlükəsizliyinin təmini, yük daşımalarında rəqabətədavamlı, çevik bir sistemin yaradılması məqsədilə dəniz limanlarının, habelə Gəmiqayırma zavodu, gəmi təmiri müəssisələrinin işi daha da təkmilləşdirilib. Hazırda respublikamızda fəaliyyət göstərən dənizçilik şirkətlərində, limanlarda, gəmi təmiri və inşası müəssisələrində, habelə dənizçilərin hazırlanmasını həyata keçirən tədris müəssisələrində ümumilikdə 20 min nəfərdən çox dənizçi çalışmaqdadır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 54 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən, o cümlədən 22 kran, 18 təchizat-yedək, 25 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 5 mühəndis-geoloji, 10 dalğıc, 116 xidməti və köməkçi gəmidən ibarətdir. Avropa - Qafqaz - Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirməkdə davam edir. Səməd Allahverdiyev, Azərbaycan Dəniz Nəqliyyati İşçiləri Həmkarlar İttifaqi Respublika Komitəsinin sədri. Geri dön |