Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan Ordusu ölkənin müdafiəsi məqsədilə qarşıya qoyulacaq istənilən vəzifəni icra etməyə qadirdir”
Novruzəli Aslanov: “Azərbaycan Ordusu ölkənin müdafiəsi məqsədilə qarşıya qoyulacaq istənilən vəzifəni icra etməyə qadirdir”24-06-2024, 11:05. Yazar: sevinc1 |
“Bu gün artıq dördüncü ildir ki, Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qalib xalq olaraq böyük təntənə ilə qeyd edir. Lakin ötən illərdən fərqli olaraq, bu il ilk dəfə biz bu günü artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən Şanlı Ordumuz tərəfindən düşməndən təmizlənmiş Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə qeyd edəcəyik. 2003-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordunun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Dövlət başçısının bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Cənab Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində belə demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Qeyd olunmalıdır ki, dövlət başçımızın sərəncamı ilə Azərbaycanda yaradılmış hərbi sənaye kompleksi bu gün mindən çox hərbi təyinatlı məhsul istehsal edir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.” Bu sözləri 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Dövlət və xalq qarşısında bütün digər sahələrdə olduğu kimi, ordu quruculuğu məsələsində də Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulayan deputat Ümummilli Liderin bu istiqamətdə atdığı həyati əhəmiyyətli addımlardan bəhs edib: “1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə start verildi. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə mürəkkəb, eyni zamanda da riskli bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək əlbəttə ki, çox çətindir. Bu tarixi hadisədən cəmi 20 il sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ümummilli Liderimizin atdığı addımlar artıq Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz Ulu Öndərimizin adı ilə bağlı olduğunu deməyə əsas verir. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu işinə start verildi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Tezliklə Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi.” Daha sonra N.Aslanov ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin tərkib hissələrindən birinin də hərbiçilərimizin Vətən müharibəsinin gedişində nümayiş etdirdikləri misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi işinin olduğunu qeyd edib: “2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq haqqında Ali Baş Komandanın əmrini aldılar. Əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tam və qəti qələbə qazanaraq Şanlı Ordumuz tarixi nailiyyətə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin nümayiş etdirdikləri şücaət və rəşadətin hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ölkə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları, o cümlədən “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilmişdir ki, bu da müharibə iştirakçılarına dövlətimiz tərəfindən ayrılan ali diqqətinin bariz təcəssümüdür” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |