Ana Sayfa > Siyasət > Qalibiyyət ordusu

Qalibiyyət ordusu


24-06-2024, 10:58. Yazar: sevinc1
Qalibiyyət ordusu

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi İstiqlal Bəyannaməsində Silahlı Qüvvələrin yaradılması qeyd olunmuşdur. Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə, çar Rusiyası dövründə “Vəhşi Diviziya” adlanan süvari alayının əsgərlərindən ibarət 5 min nəfərlik korpus formalaşdırılmışdır. 1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalından sonra Azərbaycan dövlət müstəqilliyini itirdi və milli ordu ləğv olundu. Sovet hökuməti Milli Ordu rəhbərliyinin böyük əksəriyyətini Nargin adasında güllələdi. Sovet hökuməti zamanında azərbaycanlıların böyük əksəriyyəti silahdan uzaq tutuldu, azərbaycanlı əsgərlərin böyük əksəriyyəti tikinti batalyonlarında və mühəndis xidmətə göndərildi. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra da ordu quruculuğu siyasətini davam etdirmişdir. Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Doxsanıncı illərin ortalarından başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxardı.
“Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”-deyə xalqa müraciət edən Ulu öndər Azərbaycan xalqının qürur mənbəyinə çevriləcək qalibiyyət ordusunu səbir və inamla qurdu, yaratdı.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.”-deyə qeyd edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ordunu qələbədən qələbəyə apararaq Ulu öndərin müdrik siyasətinin və sərkərdəlik qabiliyyətinin layiqli varisi olduğunu dünyaya isbat etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön