Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan tezliklə yaşıl enerji sahəsində də aparıcı dünya dövlətlərindən biri olmağı qarşısına məqsəd qoyub”

Novruzəli Aslanov: “Azərbaycan tezliklə yaşıl enerji sahəsində də aparıcı dünya dövlətlərindən biri olmağı qarşısına məqsəd qoyub”


22-06-2024, 19:22. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycan tezliklə yaşıl enerji sahəsində də aparıcı dünya dövlətlərindən biri olmağı qarşısına məqsəd qoyub”

“Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artmaqdadır. Diqqətəlayiq haldır ki, bu gün ölkəmiz ənənəvi enerji növləri ilə yanaşı artıq bərpaolunan enerji isrehsalı sahəsində də mövqelərini sürətlə gücləndirməkdədir. Cari ilin 4 iyun tarixində öz işinə başlamış ənənəvi Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı da Azərbaycanın yaşıl gündəliyinin nümayişi üçün möhtəşəm platforma oldu. İyunun 21-də “Euronews” televiziyasında nümayiş etdirilmiş reportajda Bakı Enerji Həftəsinin gedişi və qarşıya qoyulan hədəflər barədə Avropa və dünya ictimaiyyətinə maraqlı açıqlamalar təqdim edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin “Euronews”a verdiyi müsahibədə isə Azərbaycanın mövqeyi detallı şəkildə açıqlanıb. Qeyd edək ki, Bakı Enerji Həftəsinin bir neçə aydan sonra Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərinin fonunda baş tutması da rəmzi məna daşıyır. Bununla Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olan bir ölkənin iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə də öndə olmasının zəruriliyi barədə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin tamamilə doğru olduğunu təsdiqləyən növbəti önəmli amilləri dünyanın diqqət mərkəzinə çəkdi. Dövlət başçısı öz müsahibəsində bildirib ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq isə Azərbaycanın üzərinə düşən öhdəlikdir.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın öz üzərinə götürdüyü məsuliyyətli vəzifənin öhdəsindən ləyaqətlə gələcəyi heç kimdə şübhə doğurmamalıdır: “Noyabr ayında Azərbaycana səfər edəcək hər kəsə bu nüfuzlu tədbirin gedişində istər öz ölkəsini, istərsə də qlobal miqyasda bütün dünyanı narahat edən problemləri ətraflı müzakirə edə bilmək üçün hər cür şərait yaradılacaq. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər. “Masdar” ilə səmərəli əməkdaşlığı xüsusi vurğulayan cənab Prezident bildirdi ki, bu şirkət Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlar sırasında önəmli yer tuturlar və Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri də mövcuddur. Bütün bunlar ölkəmizin yaşıl enerji sahəsində də tezliklə aparıcı dünya dövlətlərindən biri olmaq planlarından xəbər verir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön