Ana Sayfa > Parlament > MÜBARİZ
MÜBARİZ20-06-2024, 11:03. Yazar: sevinc1 |
( Hekayə Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunub. ) Uşaqlıqdan arzusu hərbçi olmaqdı. Atasına deyərdi, mənə avtomat al. Atası soruşardı: -Avtomatı neynirsən, ay oğul? -Çoxlu düşmən öldürəcəm.. Ata gülümsəyib oğlunun başını sığallayardı. Valideynlər bunu çox da ciddiyə almırdılar. Uşaqlıq xəyalı kimi anlayırdılar. Amma hiss edirdilər ki, bu uşaq qeyri-adidir, gələcəyi başqa cür olacaq. Öz yaşıdlarından tam fərqliydi. Bir gün atası oğlunun istəyini yerinə yetirərək ona oyuncaq avtomat aldı. Mübariz çox sevindi. Dərhal uşaqlar başına yığıldı. Hər gün dava-dava oynayardılar. Mübariz əlindəki silahla düşməni biçərdi. Taq-taq-taq!! Xocalı faciəsi baş verəndə də hələ uşaqdı. Uşaq da olsa, dərk edirdi çox şeyi, düşməni öz avtoamatıyla bir-bir sərirdi yerə. Dayanın, qoy böyüyüm. Görərsiz, necə oğullar doğulub... - deyərdi. Elə də olacaqdı. Böyüdükcə, ağlı kəsdikcə anladı ki, düşmən dediyi çox məkrlidi və gəlib oturublar onların halalca torpaqlarında. Dözə bilmirdi. Yuxusu da ərşə çəkilmişdi. Çox vətənpərvərdi. Sonra əsgərə getdi. Vətən sevgisi, düşmənə nifrəti günü- gündən artırdı. Sərhədin o tərəfində doğma torpaqlardı. Və o doğma torpaqlarda düşmən gəzirdi. Bir çoxları kimi Mübariz bunu həzm edə bilmirdi. Xidmətdə olarkən ağlına bir fikir gəldi. Onu həyata keçirmək istəyirdi. Şəhid olmamışdan bir həftə əvvəl evlərinə getdi. Anasını, atasını öz ölümünə hazırlamaq istəyirdi. Ayrılanda dedi: -Ana, ata, mən gedirəm, bəlkə bir də görüşmədik. -Bıy, ay bala, nə danışırsan? Hara gedirsən?-anası həyəcanla dilləndi. "Şəhidliyə gedirəm!" - ürəyində dedi. Anasının boynunu qucaqlayıb doyunca onu qoxuladı. Son dəfə ana ətrini ciyərlərinə çəkmək istəyirdi. Kövrəlsə də özünü saxladı. -Vallah, dözə bilmirəm, ana! Düşmənin Xocalıda törətdiyi qırğına, qız-gəlinlərin, körpə uşaqların, əsirlərin başına açdıqları vəhşiliklərə dözə bilmirəm. Baş verənləri unuda bilmirəm! Hər gecə yuxuma girir... Ana ürəyi çox narahat idi. Mübariz gedəndən sonra gözünə yuxu getmədi. Bəlkə görüşmədik... sözü qulaqlarında əks -səda verirdi. Allah, sən özün balamı qoru! Ana hər gün dualar edirdi. Bir gün telefonuna zəng gəldi. Oğlu idi. Ananın uçmağa qanadı olmadı. -Səsinə qurban, aldığın nəfəsinə qurban, ay oğul! -Ana, zəng etdim deyəm ki, haqqını halal elə. -Bu nə sözdür, ay oğul? -Sözdü də deyirəm. Səndən halallıq istəyirəm Məndən sonra qətiyyən ağlama. -Sən nə danışırsan, oğlum? Ananın qəlbi yerindən çıxdı. Ürəyi sürətlə döyünməyə başladı. Birdən dəlilik edər? Ay Allah, mən neyniyərəm? O gecə ana sabaha qədər yatmadı. Həmin gün Mübariz də oyaq idi. Namazını qılıb Allaha dualar etdi. Hər şey kino lenti kimi birər-birər Mübarizin gözünün önündə canlandı. Arzusunu yerinə yetirmək üçün fürsət axtarırdı. Dostları Əhməd və Fəridlə xeyli söhbət elədi. Onu fikrindən daşındıra bilmədilər. Qərarında qətiydi. Gecə yarı idi. Göz gözü görmürdü. Amma o düşməni yaxşı görürdü. Ermənilər onu qarşısnda görəndə özlərini itirdilər. Avtomata belə əl ata bilmədilər. Mübariz avtomatı düşmən zabitinin başına dirədi. -Al, bu sənin Xocalıda günahsız qətlə yetirdiyin körpələrin qisası. Bu da gəlinlərin, körpəcə qızların qisası. Taq-taraq! Mübariz özündə deyildi. Avtomatla bir-bir biçirdi. Var gücü ilə əlindəki qumbaranı düşmənə tərəf tolazladı. Güclü toz dumanı ətrafı bürüdü. Ermənilərdən bir neçəsi yerə yıxıldı. Ermənilər elə bildilər böyük bir qoşun gəlib üstlərinə. Yuxarıya məlumat verdilər. Nəhayət köməyə gəldilər. Gördülər ki, onları məhv edən bir nəfərdir. Komandir hirsindən bilmədi neyləsin. Mübarizi diri tutmaq istəsələr də o, düşməni yaxın gəlməyə qoymurdu. Nəhayət onu vurdular. Son anda Vətən sağ olsun! - deyib şəhadətə qovuşdu. Düşmən cəsədin əl-qolunu bağladılar və cəsədə yaxın getməyə qorxurdular. Müəllif: AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı Fuad BİLƏSUVARLI Geri dön |