Ana Sayfa > Gündəm / Özəl > Gülər Sultanzadə: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”
Gülər Sultanzadə: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”20-06-2024, 10:58. Yazar: sevinc1 |
“Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissələridir. Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Belə ki, milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu addımın əhəmiyyətini təsdiq edən ən önəmli tarixi fakt budur ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.” Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib. Fikirlərini davam etdirən müsahibimiz 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinin yenidən başlandığını diqqətə çatdırıb: “Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə çətin, mürəkkəb bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək çox çətindir. Təbii ki, SSRİ-nin dövlət və partiya rəhbərləri Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına razılıq vermək istəmirdilər. Hətta buna imkan verməmək üçün Moskvadan Bakıya ezam olunan xüsusi komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığı barədə çoxsaylı rəylər təqdim edirdilər. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bütün bu cəhdləri heçə çıxardı və böyük zəhmətlər bahasına hərbi məktəbin açılmasına nail oldu. İllər sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndərin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı.” Daha sonra G.Sultanzadə hazırda ölkəmizdə aparılan ordu quruculuğu işi ilə bağlı fikirlərini paylaşıb: “Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Keçən ilin sentyabr ayında isə, cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində Şanlı Ordumuz Qarabağda erməni separatizminin kökünü birdəfəlik kəsdi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb. Geri dön |