Ana Sayfa > Özəl > Şuşa Bəyannaməsi
Şuşa Bəyannaməsi14-06-2024, 12:28. Yazar: sevinc1 |
15 iyun 2021-ci ildə Şuşada imzalanan müttəfiqlik bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın tacı Şuşada ölkələrimizin bütün sahələrdə müttəfiqliyini bir daha rəsmiləşdirdilər. Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdilər. Bəyannamədə kəlamları yer alan Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyev irsinə sadiqliyi ifadə etdilər. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, hərbi əməkdaşlıq kimi demək olar ki, bütün sahələrdə birgə fəaliyyəti özündə əks etdirən bəyannamənin məhz 15 iyun tarixində - Milli Qurtuluş günündə, tarixi Qars müqaviləsindən 100 il sonra imzalanması sənədin əhəmiyyətini daha da artırır. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Şuşa bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları da özündə əks etdirir. 16 avqust 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanmışdı. Bu müqavilə, Türkiyə-Azərbaycan Strateji əməkdaşlıq Sazişi kimi də tanınır. Lakin Şuşa bəyannaməsi daha üstün hüquqi qüvvəyə malikdir. Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq hər iki ölkə tərəfindən siyasi və hüquqi mexanizmləri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa bəyannaməsi iki ölkənin beynəlxalq nüfuzunu daha da artırmış oldu. Bəyannamədə əksini tapan böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri dünyaya verilən ən gözəl, ən böyük qardaşlıq mesajıdır. Çünki Azərbaycan və Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirən bəyannamə hər iki ölkənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Bəyannamə Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq, qonşuluq münasibətlərini daha yüksək zirvəyə - müttəfiqlik münasibətləri səviyyəsinə qaldırdı. Bu tarixi sənəd imkan verəcək ki, qardaş ölkələr arasında olan bağlar daha da möhkəmlənsin və bütün sahələr üzrə əməkdaşlıq uğurla həyata keçirilsin. Çünki Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır. Vüsalə Əliyeva YAP Zəngilan rayon təşkilatının ərazi partiya təşkilat sədri Geri dön |