Ana Sayfa > Siyasət > Müasir Azərbaycan - Ulu Öndər Heydər Əliyevin şah əsəri
Müasir Azərbaycan - Ulu Öndər Heydər Əliyevin şah əsəri13-06-2024, 17:31. Yazar: sevinc1 |
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ictimaiyyətin təkidli tələbi ilə dövlətimizi məhv olmaq təhlükəsindən qorumaq üçün Bakıya qayıdışından 31 il ötür. 1993-cü il iyunun 15-də böyük bir məsuliyyətin altına girərək ölkəni uçurumun bir addımlığından xilas edən Ümummilli Lider Heydər Əliyev ölkədə hökm sürən siyasi xaosu qısa zaman ərzində aradan qaldırdı, Qarabağda gedən müharibənin qarşısını almaqla yeni-yeni kəndlərimizi, rayonlarımızı işğal olunmaqdan xilas etdi. O, Azərbaycan Ali Sovetinin sədri seçilən kimi çox mühüm, cəsarətli qərarlar verdi. Onun qətiyyətinin sayəsində ölkədə uzun illər davam edən gərginlik əsaslı şəkildə azaldı, respublikamız vətəndaş müharibəsindən, parçalanma təhlükəsindən xilas oldu. Təsadüfi deyil ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Adi bir hərbi hissə komandirinin özbaşınalığının, hegemonluğunun qarşısında aciz qalan qüvvələr qorxaqlıq göstərərək öz kürsülərini qoyub qaçdılar. Heydər Əliyev məhz belə bir çətin, təhlükəli məqamda Bakıya gəldi. O, həbs, fiziki cəhətdən aradan götürülmək riski qarşısında idi. Amma qorxmadı, problemin üzərinə getdi. Ölkəmizi ictimai-siyasi pərakəndəlikdən, anarxiyadan qurtaran, dərin tənəzzülün qarşısını alan Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında deyib. O qeyd edib ki, 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Prezident seçilməklə Azərbaycanda inkişafa, zəfərə aparan yola qədəm qoyuldu. Ulu Öndər andiçmə mərasimindəki nitqində demişdi: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. İltizam Yusifov xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə hərbi sahədə ciddi islahatlar həyata keçirildi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordunun formalaşdırılmasına start verildi. Ordu quruculuğuna xüsusi diqqət yetirən Ulu Öndər 1998-ci il mayın 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. “Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi güclü siyasi kurs, siyasi ideologiya dayanır. Müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlində olduğu üçün xalqımız gələcəyə çox nikbin baxır və daha güclü olacağımıza şübhə etmirik. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyanın diqqət mərkəzindədir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafı xüsusilə qeyd edirlər. Təsadüfi deyil ki, müasir Azərbaycan Heydər Əliyevin şah əsəri hesab olunur. Əminliklə söyləmək olar ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları altında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Azərbaycanın uğurlarının təməlində Ümummilli Liderin siyasəti və Prezident İlham Əliyevin səyləri dayanır. 1993-cü il iyunun 15-dən başlanan Qurtuluş yolu Azərbaycanı bundan sonra da daha güclü, daha qüdrətli edəcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb. aia.az Geri dön |