Ana Sayfa > Siyasət > Azərbaycan xalqının gələcəyini müəyyən edən mühüm başlanğıc

Azərbaycan xalqının gələcəyini müəyyən edən mühüm başlanğıc


13-06-2024, 15:26. Yazar: sevinc1
Azərbaycan xalqının gələcəyini müəyyən edən mühüm başlanğıc

Xalqımızın taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu, Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev olub. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb.

Bunu açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov söyləyib.

Sabitliyi hər zaman ölkənin inkişafında vacib amil kimi önə çəkən Ümummilli Liderin Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdiyini deyən Tahir Süleymanov əlavə edib: “XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində ölkəmizdə bütün sahələrdə tənəzzül yaranmışdı. Anarxiyanın, xaosun, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması Azərbaycanın xəritədən silinməsi ilə nəticələnə bilərdi. Belə bir çətin durumda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə asayişi, qayda-qanunu bərqərar etdi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoydu, nizami Azərbaycan Ordusu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bir sözlə, ümumiləşdirilmiş şəkildə götürsək, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir”.

Ulu Öndərin həyatını, fəaliyyətini yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr etdiyini deyən Ağsaqqallar Şurasının sədr müavini qeyd edib ki, Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib amil sayaraq deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

“1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. O, problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün - 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir”, - deyə T.Süleymanov vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş Günündə imzalanması heç də təsadüfi deyil. Bu hadisə Azərbaycan xalqının Vətən müharibəsindən sonra yaranmış böyük ruh yüksəkliyini daha da alovlandırdı, dostlar üçün böyük sevinc, düşmən üçün isə gözdağı oldu.

Ulu Öndərin misilsiz xidmətlərini Azərbaycan xalqının daim minnətdarlıq hissi ilə xatırlayacağını deyən T.Süleymanov əlavə edib: Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Artıq Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yürüdən ölkə kimi tanınır.

Ağsaqqallar Şurasının sədr müavini son illər Azərbaycanın Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçdiyini, nəticədə ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdıraraq deyib: “Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bölgədə Qarabağ Zəfəri ilə yaradılan yeni reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə postmüharibə dövrünün gündəliyini diktə edir. Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Əminəm ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq”.
Geri dön