Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Misir Azərbaycana dost ölkədir

Anar Nəbiyev: Misir Azərbaycana dost ölkədir


13-06-2024, 12:22. Yazar: sevinc1
Anar Nəbiyev: Misir Azərbaycana dost ölkədir

Azərbaycan- Misir münasibətlərinin qədim tarixi kökləri vardır. Hələ sovet dönəmindən Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri mövcuddur. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Qeyd etmək lazımdır ki, Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanımış, 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılmışdır.
Böyük inamla söyləyə bilərik ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qahirəyə rəsmi səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdi və ölkələrimiz arasındakı siyasi dialoq bundan sonra müntəzəm xarakter daşıyacaqdır.
İyunun 8-də Dövlət Başçımız Qahirədə mətbuata verdiyi bəyanatı zamanı bildirdi ki, bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.

Dövlət Başçısı onu da vurğuladı ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bununla bağlı bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Möhtərəm Prezidentimiz bildirdi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.
Möhtərəm Prezidentimiz regionda baş verən hadisələrə də toxunaraq qeyd etdi ki, Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır.
Ölkə başçısı vurğuladı ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan - Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.

Böyük əminliklə demək olar ki, 8 iyun tarixində imzalanmış çoxsaylı Azərbaycan - Misir sənədləri iki ölkə arasında olan əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyət daşıyacaq və hər iki ölkənin inkişafına xidmət edəcəkdir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial vardır. Bütün bu məqamlar bir daha göstərir ki, bu gün Azərbaycan - Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və hər iki xalqın milli maraqlarına tam şəkildə cavab verir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön