Ana Sayfa > Siyasət > Dövlətçilik salnaməmizdə silinməz izlər

Dövlətçilik salnaməmizdə silinməz izlər


13-06-2024, 12:06. Yazar: sevinc1
Dövlətçilik salnaməmizdə silinməz izlər

“Azərbaycan xalqı 15 İyun – Milli Qurtuluş Günü ərəfəsindədir. Bu bayramın müasir tariximizdə müstəsna yeri vardır. Çünki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu. 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələnmişdi”.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, belə bir vəziyyətdə xalq çıxış yolu axtarırdı. Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də Heydər Əliyevdən kömək istəməyə məcbur oldu. Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edərək 1993-cü il iyunun 9-da Bakıya gəldi. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, xalq öz nicatını Ümummilli Liderimizin hakimiyyətə qayıdışında tapdı. Ulu Öndər tarixi qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı qorudu. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi başlandı. Bununla da, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi yazıldı.

Millət vəkilinin sözlərinə görə, Ümummilli Liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Həmin mürəkkəb dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənliyi və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Xalq saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğuna bir daha əmin oldu. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlişi ilə ilk növbədə daxili ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələr ləğv olundu, ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı.

1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Bu gün Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyinin etibarlı əllərdə olduğunu deyən YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilmiş inkişaf xəttini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan cənab Prezidentin liderliyi möhtəşəm nailiyyətlər əldə edib. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu, bütün ərazilərimizdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu tarixi zəfərin əsasında məhz Qurtuluş məfkurəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Hazırda Azərbaycanın nəinki regionda, bütün dünyada söz sahibi olan dövlətə çevrilib. Ulu Öndər Heydər Əliyevin nurlu zəkasının, sarsılmaz qətiyyətinin ifadəsi olan bugünkü müstəqil Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bundan sonra da möhtəşəm nailiyyətlərə imza atacaq.
Geri dön