Ana Sayfa > Gündəm > Həmin məmurların kabinetləri istidir... - Rəsmi qəzetdən tənqid

Həmin məmurların kabinetləri istidir... - Rəsmi qəzetdən tənqid


29-10-2016, 13:05. Yazar: Sevinc
Həmin məmurların kabinetləri istidir... - Rəsmi qəzetdən tənqid




Bir neçə gündür Azərbaycanda soyuq hava şəraiti və buna baxmayaraq, ölkə ərazisində “Azəriqaz” tərəfindən qazın aşağı təzyiqlə verilməsi müzakirə olunur. Bu gün isə rəsmi “Azərbaycan” qəzetində dərc olunan “Niyə məhz 15 noyabrda?!” başlıqlı yazıda “Azəriqaz”ın bu addımı sərt tənqid olunub.

Bu il havalar öz sürprizləri ilə bizi təəccübləndirməkdə davam edir. Oktyabrın əvvəlində 25-27, bəzənsə 30 dərəcə istidə qoluqısa köynəkdə gəzməyə məcbur olan bizlər ayın ortalarında leysan yağışlar, indi isə gündüzlər 7-8, gecələrsə 3-5 dərəcədən aşağı temperaturla qarşılaşmışıq. Biz hələ təkcə dağlıq ərazilərə yox, hətta Naxçıvan MR kimi quraq bölgəyə qarın düşməsini demirik. “Bu niyə belədir, nədən baş verir, nə qədər davam edəcək” suallarının cavabları bizlik deyil. Onun üçün ölkədə hidrometeorologiya xidməti var və vəzifələri də yaxın günlər üçün gözlənilən hava barədə əhalini, dövlət qurumlarını məlumatlandırmaqdır.

Yeri gəlmişkən, son dövrlər sinoptiklərimiz bu vəzifənin öhdəsindən pis gəlmirlər, yəni proqnozu necə verirlərsə, elə də olur.

İndi bizim hidrometeoroloqlarımız, eləcə də onların digər ölkələrdəki həmkarları neçə vaxtdır car çəkirlər ki, bu il son 100 ilin ən sərt qışı gözlənilir! Əslində, qeyd etdiyimiz kimi, Azərbaycanda biz artıq bu sərtliyin işartılarını, daha doğrusu, soyuğunu yaşayırıq. Məgər bizdə adi vaxtlarda qış, - baxmayaraq payızdır, - indikindən soyuq keçir ki?! Təbii ki, yox! Belədirsə, deməli, Azərbaycanda, o cümlədən paytaxtda birmənalı olaraq qış rejiminə keçilməlidir.

Amma sən demə, bizdə bunu havanın temperaturu yox, hansısa məmurun günahınınmı deyək, məsuliyyətsizliyininmi deyək, ucbatından sovet dövründən bu yana hələ də qüvvədə (?) qalan, istinad (?) olunan bir parça kağız, daha doğrusu, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı müəyyən edir! Yəqin ki, əski əlifba ilə yazılmış və neçə onillik keçdiyindən saralmış həmin qərarda da yazılıb ki, respublikanın aran bölgələrində, o cümlədən Bakıda qış mövsümü noyabrın 15-dən aprelin 15-dək, yəni 5 ay davam edir. Dağlıq rayonlarda isə bu müddət 6 ay - 181 gündür. Onu da bildirək ki, sözügedən sənəddə ekstremal hava şəraiti də nəzərə alınıb.



Əkbər Hacıyev "Azəriqaz"ın rəhbəri

Belə ki, ortada olmayan hökumətin qüvvədə olan qərarına əsasən, əgər havalar ardıcıl 8-10 gün ərzində soyuyaraq orta sutkalıq temperatur 6 dərəcəyə düşərsə, mövsümə tez keçmək olar. O dövrdə “Azəristiliktəchizat” ASC olmadığı üçün bu səlahiyyət yerli icra hakimiyyəti orqanlarına verilmişdir.

İnsaf xatirinə qeyd edək ki, bu sənəd nə qədər köhnə olsa da, fəaliyyət göstərmək üçün keçərlidir. Təbii ki, bizim bunun hüquqi cəhətdən nə qədər qanuni olması ilə işimiz yoxdur. Lakin bütün hallarda siyasi müstəqilliyimizi bərpa etdiyimiz ötən 25 ildə hökumətin bir çox qayda və qərarları kimi, ölkənin və əhalinin sosial həyatında az əhəmiyyət kəsb etməyən həmin sənəd də dəyişdirilməli idi. Amma nə etmək olar?! Dəyişdirməyiblər, yenisini hazırlamayıblar, özləri bilərlər. Onda heç olmasa köhnəsində yazılanlara əməl etsinlər.

Daha havanın temperaturu nə qədər aşağı düşməli və bu aşağı temperatur neçə gün davam etməlidir ki, mərkəzi və yerli icra orqanları qış mövsümünə keçidlə bağlı göstəriş versinlər. Ola bilsin, həmin göstərişi verməli olan məmurların kabinetləri istidir, evləri, mənzilləri kombi sistemi ilə qızdırılır. Allah eləməsin, xəstələnənləri olursa, müalicəyə hər cür şəraitə malik özəl klinikalara üz tuturlar, uşaqları, nəvələri özəl məktəblərə, bağçalara gedirlər.

Amma hamının buna imkanı yoxdur axı... Götürək mərkəzi istilik sisteminə qoşulmuş uşaq bağçalarını və məktəbləri. Yazıq körpələrin, aşağı sinif şagirdlərinin, məktəblilərin günahı nədir ki, məmur əmilər qış mövsümünün yetişdiyini bayırdakı hava ilə yox, nə vaxtsa qəbul olunmuş qaydanın təqvimi ilə müəyyənləşdirirlər. Yaxud, xəstəxana və poliklinikaları götürək. Görəsən, insanlara demək olarmı ki, hələ xəstələnməyin, biz hələ qış rejiminə keçməmişik, əks halda tibb müəssisəsində əlavə soyuqdəyməyə də tutula bilərsiniz.



Bəs mərkəzi istilik sistemi ilə qızdırılan mənzillər? Belə mənzillərdə yaşayanların hamısının fərdi kombi sistemi quraşdırmağa, yaxud hər otaqda bir elektrik qızdırıcısından istifadə etməyə maddi imkanlarının olmamasını sözügedən sahəyə cavabdeh qurumların rəhbərləri guya bilmirlər ki?! Bilirlər, özü də lap yaxşı bilirlər! Sadəcə, qeyd etdiyimiz səbəblərdən ya veclərinə deyil, ya da “kimdir köhnə qaydanı dəyişib yenisini yazan” deyib özlərini işə vermək istəmirlər. İstəsəydilər, lap elə noyabrın 15-də olsun, ölkə ərazisində, xüsusən paytaxtda istilik sistemi təchizatında çoxsaylı problemlər yaşanmazdı.

Bunu boş yerə yox, ötən illərin acı və təəssüf doğuran təcrübəsindən çıxış edərək yazırıq. Kim zəmanət verə bilər ki, təxminən 20 gündən sonra “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə borcu olması məsələsi ortaya çıxmayacaq. Yəqin ki, heç kim. Çünki artıq indidən, necə deyərlər, “kuluarlar”da belə söhbətlər eşidilir. Küncdə-bucaqda isə mövzusundan asılı olmayaraq gedən söhbətlər heç nədən yaranmır, başqa sözlə desək, odsuz tüstü çıxmır. Yaxşı, elədirsə, nəyə görə dövlətin hər iki xidmət qurumu aralarındakı borc söhbətini qış mövsümü başlayanacan həll etmirlər? Köhnə olsa da, cavabı indiyəcən verilməyən sualdır.

Cavabı verilməyən sual həm də adları çəkilən xidmət qurumlarının indiyəcən bazar iqtisadiyyatının tələb və qaydaları çərçivəsində niyə fəaliyyət göstərə bilməmələridir. Hər halda istilik təchizatı sahəsində onların qarşılıqlı ittihamları bu təəssüratı yaradır. Qardaş, xidmət göstərin, pulunuzu alın da... İnanmırıq ki, obyektində, mənzilində normal istilik alıb onun haqqını ödəməyənlərin sayı çox olsun. Müşahidələrimiz də bunu göstərir. Belədirsə, xüsusən qış rejiminə keçid məsələsində hansısa yerli icra hakimiyyəti orqanından, məsələn, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətindən asılılıq nəyə lazımdır? Axı havaların dəyişməsi bu qurumların verdikləri sərəncamdan yox, çöldəki temperaturdan məlum olur.

Bunu elə belə - sözgəlişi yazırıq. Baxmayaraq ki, sözün düzünü həm də sözgəlişi deyirlər.
Geri dön