Ana Sayfa > Siyasət / Özəl > Cahangir Əliyev: “Ümummilli Liderimizin Neft strategiyası Azərbaycanı güclü iqtisadiyyata sahib olan dövlətə çevirdi”
Cahangir Əliyev: “Ümummilli Liderimizin Neft strategiyası Azərbaycanı güclü iqtisadiyyata sahib olan dövlətə çevirdi”13-06-2024, 10:52. Yazar: sevinc1 |
“Bu gün, 15 İyun – Milli Qurtuluş Gününü qeyd edərkən, Ulu Öndər Heydər Əliyevin bu tarixi kəlamını xatırlamamaq olmur: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.” Ümummilli Lider bu müqəddəs andına ömrünün sonunadək sadiq qaldı və canından artıq sevdiyi xalqına verdiyi bu vədinə tam olaraq əməl etdi. Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə sevirdi. Məhz Ulu Öndərimizin bu sevgisi və əlbəttə ki, dahi rəhbərin XX əsrin ən görkəmli dövlət və siyasi xadimlərindən biri kimi malik olduğu ali keyfiyyətləri ona Azərbaycan xalqının Ümummilli Lideri adını qazandırmışdır. Müstəqilliyimizin ilk illərində davam edən və 1993-cü ilin yayında kulminasiya nöqtəsinə çatan hadisələr xalqın taleyini, dövlətin mövcudluğunu böyük təhlükə qarşısında qoymuşdu. Belə bir həlledici məqamda, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xalq Heydər Əliyevə sevgisini öz dahi rəhbərinin ətrafında sıx birləşməklə göstərdi. Ulu Öndəri hakimiyyətə xalqın sevgisi və iradəsi gətirmişdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmin tarixi gün xalqımız və dövlətçiliyimiz üçün həqiqətən də əsl qurtuluş günü oldu. Bu tarixi yaradan isə müasir müstəqil Azərbaycan dövlətini quran, müstəqilliyin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Ulu Öndərin Naxçıvanda əmin yaratdığı milli qurtuluş savaşının əsil zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.” Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev deyib. Fikirlərini davam etdirən müsahibimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycanda iqtisadi inkişafa nail olmaq üçün atdığı müstəsna əhəmiyyətli addımlardan bəhs edib: “Həmin dövrdə ölkəni parçalanmaq, bütövlüyünü və müstəqilliyini itirmək kimi bəlalardan xilas edən Ulu Öndər eyni zamanda respublikanın iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə uğurlu siyasətin işlənib hazırlanması öz ifadəsini yalnız 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında imzalanmış Sazişdə tapmış oldu. Bu Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Həmin tarixi gündən cəmi bir neçə ay əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə keçirdiyi görüşdə Ulu Öndər demişdir: “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.” Həqiqətən də sonrakı illərdə məhz Ümummilli Liderimizin müəllifi olduğu Neft strategiyası Azərbaycanın nəticə etibarı ilə güclü iqtisadiyyata sahib olan bir dövlətə çevrilməsini təmin etdi. Əlbəttə ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra artıq hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir həlledici məqamda Ulu Öndər Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı. Ulu Öndər 2003-cü il 25 fevral tarixində Vaşinqtonda keçirilən “Şərq-Qərb Enerji Dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda söylədiyi nitqində bu layihənin əhəmiyyətini vurğulayaraq belə demişdir: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.” Bu gün Ümummilli Liderimiz tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı tərəfindən bu kursun uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafını təmin edir. Bu gün Azərbaycan enerji seqmentində artıq sadəcə regional deyil, həm də qlobal miqyasda aparıcı aktorlardan birinə çevrilmişdir. Ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində getdikcə artan rolu da bunu bir daha sübut edir.” Daha sonra C.Əliyev müasir Azərbaycan dövlətinin uğurlarından bəhs edərək bunları deyib: “Bu gün Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yeni Zəfərlərə doğru inamla irəliləyir. Hazırda ölkəmiz dünyada dinamik inkişaf edən, gücü və beynəlxalq nüfuzu gündən-günə artan bir dövlətə çevrilib. Xüsusilə son 21 il ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Cənab Prezident İlham Əliyevin istənilən məsələyə yaradıcı münasibəti və məntiqi yanaşması, siyasi-ictimai və geosiyasi reallıqları, iqtisadi-hərbi prosesləri, ideoloji-etnik problemləri mövcud siyasi şəraitin fonunda yenidən dəyərləndirməsi dövlət başçımızın yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı və novator dövlət xadimi kimi qüdrətli lider olduğunu isbatlayır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əzmkarlığı və siyasi iradəsi sayəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı hərbi əməliyyatları tarixi Qələbə ilə başa vurmaq imkanı əldə edə bildi. Əldə olunan bu parlaq Zəfər nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Keçən ilin sentyabr ayında isə ölkəmiz öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Bununla Azərbaycan onsuz da lider dövlət kimi çıxış etdiyi Cənubi Qafqaz regionunda yeni tarixi reallıqların müəllifinə çevrildi və öz şanlı tarixinin ən şərəfli dövrünə qədəm qoymuş oldu” – deyə, Cahangir Əliyev fikirlərini tamamlayıb. Geri dön |