Ana Sayfa > Manşet / Özəl > Fuad Məmmədov: “Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir”
Fuad Məmmədov: “Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir”13-06-2024, 10:18. Yazar: sevinc1 |
“Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən mühüm, misilsiz xidmətlərindən biri olan xilaskarlıq missiyasından danışarkən, ilk növbədə belə bir tarixi faktı qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonlarında və müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan bütün faciələr və yaranmış siyasi böhran bilavasitə Heydər Əliyevin siyasi hakimiyyətdən getməsinin acı nəticələri idi. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi. Bu hadisədən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri də məhz o gündən başladı. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Xarici düşmənlərimizin törətdikləri fitnələr az imiş kimi, bir tərəfdən 1991-1992-ci illərdə respublikamıza rəhbərlik edən iqtidarın səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması artıq 1993-cü ilin ortlarında Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.” Bu sözləri aia.az-a verdiyi müsahibəsində Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov deyib. Fikirlərini davam etdirən Birlik sədri xüsusi olaraq vurğulayıb ki, Azərbaycn xalqı müstəqilliyimizin ilk illərində başına gələn faciələri həmin dövrdə yaşamaya da bilərdi: “Əgər müstəqilliyin ilk illərində ölkədə siyasi hakimiyyəti ələ keçirmiş qüvvələr sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadim Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Lakin xalqımız bütün bu faciələri yaşamalı oldu. 1993-cü ilin ortalarında yaranmış vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o dövrkü iqtidar da sonda Heydər Əliyevdən imdad istədi. Həmin dövrdə gedən prosesləri Ulu Öndər Heydər Əliyev özü belə şərh edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Nəhayət 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993- cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 15 İyun – Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılmış, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biridir. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir.” Müsahibəsinin sonunda F.Məmmədov deyib ki, Azərbaycan öz torpaqlarının işğalına son qoymaqla öz dahi xilaskar oğlunun ən böyük arzusunu gerçəkləşdirmiş oldu: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Bu, Ümummilli Liderimizin məcburi köçkün vətəndaşlarımız qarşısında etdiyi çıxışlarının birində böyük inamla söylədiyi fikirdə də öz əksini tapmışdır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Dövlətimizin başçısı azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Heç bir şübhə yoxdur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra daha uca zirvələr fəth edəcək, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək” – deyə, Fuad Məmmədov fikirlərini tamamlayıb. Geri dön |