Ana Sayfa > Özəl > 15 İyun – Milli Qurtuluş Günü

15 İyun – Milli Qurtuluş Günü


12-06-2024, 16:36. Yazar: sevinc1
15 İyun – Milli Qurtuluş Günü

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdışı tariximizin bərpa edilmiş yeni bir dövrünün başlanğıcını qoydu. Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas olundu. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayış etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altına qoyaraq dərhal Gəncəyə yollanmış və orada baş qaldırmış qiyamın qarşısı alınmışdır. Odur ki, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü yaddaşımızda əbədi olaraq qalmaqdadır. Məhz bu tarixdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai–siyasi və iqtisadi böhrandan xilas olmuş, inkişafın sarsılmaz təməlləri qoyulmuşdur.
1993-cü il iyunun 15–də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir.1997–ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. 1993–cü ilin 15 iyun tarixi , eyni zamanda Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyası ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Əgər bu qayıdış baş verməsə idi 1991–ci ildə yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993–cü ildə başa çatmış olacaqdı. Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin Memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.
Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. “ Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltmiş və buna nail olmuşdur.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.

Fuad Şıxəliyev,
Zəngilan rayon Statistika İdarəsinin rəisi

Geri dön