Ana Sayfa > Siyasət > Milli Qurtuluşdan ümummilli intibaha doğru
Milli Qurtuluşdan ümummilli intibaha doğru12-06-2024, 10:17. Yazar: sevinc1 |
Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, məlum və mənfur qonşuların terrorçu-separatçı niyyət və fəaliyyətləri, eləcə də daxili səriştəsizlik, mənəm-mənəmlikdən doğan qarşıdurma və bəzi hallarda xəyanət təzahürləri ölkənin yaxın gələcək üçün taleyini şübhə altına salmışdı. Ölkədə hökm sürən mənəviyyatsızlıq, hakimiyyətədə olan qüvvələr arasında daxili çəkişmələr anarxiya, xaos və özbaşınalığın tüğyan etməsi nəticəsində iqtisadiyyat çökmüş, əhalinin sosial vəziyyəti son dərəcə ağırlaşmışdı. Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan “Dağlıq Qarabağ” problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayrı-ayrı mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı. 1993-cü ilin iyunu xalqımızın və dövlətimizin taleyində yeni mərhələnin başlanğıcı oldu. Milli müstəqilliyimizə gedən tarixi yolun təməllərini yaradan xilaskar rəhbərimiz, qədirbilən xalqımızın haqlı olaraq Ümummilli Lider, Ulu Öndər adlandırdığı düha - Heydər Əlirza oğlu Əliyev xalqın çağırışına səs verərək müqəddəs bir missiya ilə Naxçıvandan Bakıya gəldi. Xilaskarlıq missiyasını həyata keçirən Ulu Öndər 1993-cü ilin iyununda ümidsizlik girdabında boğulan, müstəqilliyini itirməyin bir addımlığında olan xalqımızın nicatı, xilası missiyası ilə yenidən böyük siyasət meydanına qayıtdı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etdi. 1993-cü ilin 15 iyun tarixi günü, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Ulu Öndərin başladığı bütün böyük islahatlar, irimiqyaslı transmilli layihələr Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılmışdır. Ölkəmizdə yeni və möhtəşəm layihələrə start verilmişdir. Azərbaycan Respublikasının bütün sahələr üzrə hərtərəfli inkişafı təmin edilmişdir. Beləliklə, Azərbaycanda yeni tarixi epoxa başlanmışdır. Bu, müstəqil Azərbaycan dövlətinin İlham Əliyev erasıdır. Prezident İlham Əliyev yeni epoxanın dünyada qəbul edilmiş görkəmli dövlət xadimi, böyük siyasi lideridir. Yeni tarixi dövr Azərbaycanda müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi ilə yanaşı, həm də Azərbaycan cəmiyyətinin hərtərəfli böyük inkişafının təmin edilməsi, ölkə həyatının müasirləşdirilməsi və modernləşdirilməsi deməkdir. Bunlar Milli Qurtuluşdan ümummilli intibaha doğru uğurla keçilmiş yolların möhtəşəm hadisələridir. Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |