Ana Sayfa > Siyasət > Tarixi Bəyannamə

Tarixi Bəyannamə


12-06-2024, 09:56. Yazar: sevinc1
Tarixi Bəyannamə

2021-ci il iyunun 15-i Şuşada Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mötəbər hadisə baş tutdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk dəfə Qarabağda qarşıladığı Türkiyə Prezidenti Ərdoğanla möhtəşəm Şuşa bəyannaməsini imzaladı. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada imzalanan belə bir tarixi bəyannamə 01 fevral 2022-ci il tarixində Azərbaycan Milli Məclisi, ardınca Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olundu.
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bu, Türkiyə ilə birbaşa hərbi müttəfiqlik olmaqla brabər, ermənistanın revanşist qüvvələrinə ciddi bir ismarışdır. Çünki, bölgədə yaranan yeni geosiyasi reallıq bütün bunları mümkünsüz edir.
Bu sənədin tarixi-strateji əhəmiyyətindən biri də odur ki, burada ilk dəfə "Zəngəzur dəhlizi" ifadəsi işlədilir. Dövlət başçısı İlham Əliyev də mətbuata bəyanatında bu məsələyə xüsusi diqqət çəkdi. Bildirdi ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. "Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır" - deməklə, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı məsələyə tam aydınlıq gətirdi.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Beləliklə, yuxarıda sadalanan mühüm amillərlə yanaşı, sənəddə türk dünyasının gücləndirilməsi, türk həmrəyliyinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin genişləndirilməsi, eləcə də medianın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair konkret müddəaların yer alması bu bəyannamənin tarixiliyini və əhəmiyyətini olduqca artırır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön