Ana Sayfa > Özəl > 15 İYUN – SUVEREN AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜ!

15 İYUN – SUVEREN AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜ!


10-06-2024, 17:15. Yazar: sevinc1
15 İYUN – SUVEREN AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜ!

Məlum olduğu kimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan müstəsna işlər görülüb. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Bu mühüm məqamı qeyd edək ki, müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək Azərbaycan xalqının ən böyük arzularından olub.
Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində xalqımızın bu istəyini reallığa çevirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdışı bugünkü reallıqlara yol açdı. Azərbaycanın dövlət müstəqilliyi xilaskar Heydər Əliyevin Bakıya qayıdışı ilə başlayır.  Həmin gün, 9 iyun 1993-cü il müstəqillik tariximizə, dövlətçilik salnaməmizə qızıl hərflərlə yazılıb. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.  Bu qayıdış bütün mənalarda milli qurtuluşumuz idi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü adlandırılması xalqımızın öz xilaskarına verdiyi tarixi qiymət, gələcəyini  müəyyənləşdirmək baxımından qəbul etdiyi  böyük tarixi qərar idi. Dövlət başçısı İlham Əliyev Milli Qurtuluş Gününü Azərbaycan tarixinin dönüş nöqtəsi kimi dəyərləndirir. 1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliymizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır. Qurtuluş Azərbaycanın çoxəsrlik tarixinə sadalamaqla bitməyən, zəngin səhifələri əlavə etdi. Bu gün həmin səhifələr tarixi Zəfərimizin reallıqları fonunda daha da zənginləşir, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun təqdimatında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin   tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Məhz bu üç amilin vəhdəti sayəsində müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı.
1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan, 1993-cü il oktyabrın 3-də  milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər  Heydər Əliyev 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində  müstəqilliyimizin əbədiliyinin təmin edilməsi  naminə qarşıda dayanan  mühüm  məsələləri açıqladı. Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasını xalqın dəstəyi sayəsində uğurla gerçəkləşdirdi, xalqımızı, dövlətimizi ən böyük bəlalardan xilas etdi. Eyni zamanda, Ümummilli Lider bu missiyası ilə dövlətimizin rəmzinə çevrildi ki, bu da tarixdə nadir hallarda baş verir. Məhz bu əvəzsiz xidmətlərinə görə müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyev xatırlanır. Ümummilli Lider   nadir şəxsiyyətlərdəndir ki, Onun zəngin irsi hər zaman araşdırılır, öyrənilir, təbliğ olunur. “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyərək Azərbaycanı böyük inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyev, eyni zamanda, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, “Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq” çağırışları ilə dünyanın  müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini təmin etdi. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə fəaaliyyətinin əsasını təşkil edib. Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev Azəebaycanı tarixi Zəfərinə qovuşdurdu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov

Geri dön