Ana Sayfa > Siyasət > Şuşa Türk dünyasının liderlərini qəbul edəcək

Şuşa Türk dünyasının liderlərini qəbul edəcək


10-06-2024, 09:42. Yazar: sevinc1
Şuşa Türk dünyasının liderlərini qəbul edəcək

Azərbaycanın xarici siyasətinin prioritetləri müəyyən edilərkən Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu il keçirilən Prezident seçkilərindən sonra dövlət başçımız andiçmə mərasimində demişdir: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Bu fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən söylədiyi nitqində xüsusi olaraq vurğuladı ki, bu tədbir Türk dünyasının birliyinin daha bir təzahürüdür. Dövlət başçımız xüsusi olaraq Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin daha da intensivləşdirilməsinin vacibliyini diqqət mərkəzinə çəkdi. Təşkilatın bir aydan sonra Şuşada məhz Azərbaycanın təşəbbüsü ilə keçiriləcək qeyri-rəsmi Zirvə görüşü də bu məqsədə xidmət edir. Cənab Prezident İlham Əliyev Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsini yetərli hesab etmədiyini vurğuladı. Həqiqətən də, hər növbəti Zirvə görüşünün Türk dövlətləri arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsinə doğru atılmış mühüm addımdır.

Türk dünyasının birləşməsi, mövcud potensialların vahid məqsədlərə yönləndirilməsi ölkələrimizin müasir dünyada öz layiqli yerlərini tutmaqlarının yeganə yoludur. Xüsusi olaraq qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır ki, bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Elə Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları da nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. İqlim məsələləri də təbii ki, bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön