Ana Sayfa > Siyasət / Özəl > Milli Qurtuluş Günü – inkişafın başlanğıc nöqtəsi

Milli Qurtuluş Günü – inkişafın başlanğıc nöqtəsi


10-06-2024, 09:39. Yazar: sevinc1
Milli Qurtuluş Günü – inkişafın başlanğıc nöqtəsi

Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən Milli Qurtuluş Gününün növbəti ildönümü böyük coşqu ilə qeyd edilir. Artıq o əzəmətli tarixi gündən 31 il ötür. Məhz həmin gün, 1993-cü ilin iyun ayının 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək, dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etdi. Ölkə daxili siyasi böhrandan qurtuldu. Belə ki, Ümummilli Liderimizin dövlətçilik təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı. Az müddət sonra Prezident səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi və milli ideologiyanmızı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı.

Dünya Azərbaycanlılarının Ümummilli Lideri xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi, müharibədə atəşkəsə nail oldu. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratdı, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Ümummilli Lider özü müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. 

Azərbaycan dövləti öz varlığına birdəfəlik son qoyulma təhlükəsi ilə üzləşdiyi bir zamanda Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, Azərbaycanın öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağına şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ümummilli Lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir. Çünki Ulu Öndər bizim üçün mükəmməl dövlətçilik məktəbini yaratmışdır.

Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyev özünün praqmatik və müdrik siyasəti ilə Azərbaycanı ildən-ilə yeni Zəfərlərə doğru inamla aparır. Hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Cənab Prezident İlham Əliyevin istənilən məsələyə yaradıcı münasibət bəsləməsi, yeni müstəvidən yanaşması, siyasi-ictimai və geosiyasi reallıqları, iqtisadi-hərbi prosesləri, ideoloji-etnik problemləri mövcud siyasi kursun işığında yenidən dəyərləndirməsi onun yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı və novator dövlət xadimi kimi qüdrətli lider olmasını isbatlayır. Məhz dövlət başçımızın əzmkarlığı və siyasi iradəsi sayəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı hərbi əməliyyatları qalibiyyətlə başa vurmaq imkanı əldə edə bildi. Əldə olunan bu tarixi Qələbə nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu, keçən il isə ölkəmiz öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Bununla Azərbaycan onsuz da lider dövlət kimi çıxış etdiyi Cənubi Qafqaz regionunda yeni tarixi reallıqların müəllifinə çevrildi.

Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır və bu dövr ölkəmizin gələcək, daha parlaq uğur və qələbələrinin sadəcə başlanğıcıdır.

Zahir Qəhrəmanov,
YAP Şirvan şəhər təşkilatının sədri

Geri dön