Ana Sayfa > Siyasət > Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır8-06-2024, 15:20. Yazar: sevinc1 |
Tarixin bütün dövrlərində türk xalqlarının birliyi əsas prioritetlərdən olmuşdur. Bu birlikdən çəkinən, qorxan bir sıra digər ölkələr isə bu birliyin yaranmasına hər zaman mane olmağa çalışmışlar. Eyni kökə, eyni dinə, eyni dilə, milli dəyərlərə, mədəniyyətə sahib olan türk dünyasının bir yumruq kimi birləşməsi olduqca zəruridir. O gün isə şübhəsiz ki, uzaqda deyil. Çox sevindirici haldır ki, bu birlik artıq baş verir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın bu birliyin, əməkdaşlığın möhkəmlənməsində özünəməxsus yeri var və demək olar ki, Azərbaycan məhz bu birliyin əsas qurucularındandır. Onu da qeyd edək ki, türkdilli ölkələrin başçıları ilk dəfə 2009-cu ildə Naxçıvanda Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaradıblar. İndi bu təşkilat Türk Dövlətləri Təşkilatı adlanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində qeyd edib ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, coğrafi sərhədləri daha genişdir. Dövlət başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. İyun ayının 6-da Bakıda TÜRKPA-nın növbəti plenar iclası keçirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib. Öz çıxışında cənab Prezident deyib: “Əminəm ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək. Belə toplantılar bir qayda olaraq türk dünyasının birliyinin təzahürü olur. Tükr dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub”. Builki prezident seçkilərindən sonra Dövlət Başçısı İlham Əliyev andiçmə mərasimi zamanı öz çıxışında bildirmişdir ki, bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Qeyd etmişdir ki, son illər ərzində türk dövlətləri təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Bildiyiniz kimi Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şuşada iyul ayında Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçiriləcək. “Mən hesab etdim ki, ildə bir dəfə zirvə görüşü keçirmək kifayət etməz, çünki həm sürətli, davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş addım olur və çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək”.- deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirmişdir. Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əsas mövzusu nəqliyyat və iqlim mövzuları olacaq, bu da təbiidir, çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımalarının artırılması göz önündə olan məsələlərdir və burada bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələr birgə fəaliyyət göstərir. Zirvə görüşünün Şuşada keçirilməsi özlüyündə böyük məna daşıyır. Şuşa şəhəri cəmi dörd il əvvəl işğaldan azad edilib. Bu gün Şuşada çox böyük işlər görülüb. Burada geniş abadlıq-quruculuq işləri gedir. Magistral yolları, körpülər bu gün Şuşaya yol alanların gözünü, könlünü oxşayır. Burada yol infrastrukturu layihələrinin icrasında Türkiyə şirkətlərinin inşaatçıları fəal iştirak edirlər. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Azad olunmuş torpaqlarımızda eyni zamanda qardaş ölkələr olan Özbəkistan və Qazaxstanın təşəbbüsü və maliyyə dəstəyi ilə bir orta məktəb və bir incəsənət məktəbi fəaliyyətə başlayıb. Ağdamda Qırğızıstan prezidentinin iştirakı ilə bir məktəbin təməli qoyulub. Ümumiyyətlə işğaldan azad olunmuş torpaqlarımızda geniş quruculuq, abadlıq işləri aparılır. Artıq bu torpaqlar yenidən cana gəlir, həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd demək olar ki, tamamilə bərpa edilib. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə baba yurdlarına qayıdıb və bu ilin sonuna qədər bu rəqəmin 20 minə çatacağı gözlənilir. Onminlərlə köçkün isə sevinc içərisində doğma yerlərə dönməyi gözləyir. İnanırıq ki, tezliklə onlar da öz arzularına çatacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək”. Şəhla Ağbulud “Abşeron” qəzetinin baş redaktoru Geri dön |