Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Türk dünyası öz gücünü artırır”

Aqiyə Naxçıvanlı: “Türk dünyası öz gücünü artırır”


8-06-2024, 12:33. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Türk dünyası öz gücünü artırır”

“Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən biri Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Bu baxımdan əlbəttə ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən söylədiyi nitqində xüsusi olaraq vurğuladı ki, bu tədbir Türk dünyasının birliyinin daha bir təzahürüdür. Öz çıxışlarında hər zaman - “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”, fikrini səsləndirən dövlət başçımız Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin daha da intensivləşdirilməsinin vacibliyini daim diqqət mərkəzinə çəkir. Təşkilatın bir aydan sonra Şuşada məhz Azərbaycanın təşəbbüsü ilə keçiriləcək qeyri-rəsmi Zirvə görüşü də bu məqsədə xidmət edir. Cənab Prezident İlham Əliyev Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsini yetərli hesab etmədiyini vurğuladı. Həqiqətən də, hər növbəti Zirvə görüşünün Türk dövlətləri arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsinə doğru atılmış mühüm addım olduğunu nəzərə alsaq, bu təmasların intensivləşdirilməsinə olan zərurət açıq-aydın görünər.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat xüsusi olaraq vurğulayıb ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 öncəsi Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanda bir araya gələrək vahid strateji mövqe formalaşdırmaları, müzakirə olunacaq məsələlər üzrə evvektiv nəticələrin əldə olunmasına xidmət edəcək: “Cənab Prezident İlham Əliyev öz çıxışında Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşündə əsas mövzuların nəqliyyat və iqlimlə bağlı olacağını anonsladı. Aydındır ki, hər iki məsələ bütün Türk dünyası üçün kifayət qədər böyük önəm daşıyır. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi üçün zəruri olan bir prosesdir. Bu gün potensialına bütün dünyada böyük ehtiyac olan Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması bunun əyani təsdiqidir. Qeyd edək ki, bu layihədə Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər. İqlim məsələləri isə hal-hazırda aydındır ki, Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. COP29-a hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri bir də müzakirə etmək əlbəttə ki, böyük fayda verəcək. Cənab Prezident İlham Əliyev öz çıxışında Türk dünyasının geniş coğrafiyanı əhatə edən və böyük potensiala malik bir ailə olduğunu xüsusi vurğulayaraq, bu potensilın dünya miqyasında böyük bir gücə çevirməyin bir nömrəli vəzifə olduğunu qeyd etdi” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Geri dön