Ana Sayfa > Siyasət > Azərbaycan qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olur
Azərbaycan qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olur7-06-2024, 16:46. Yazar: sevinc1 |
İyunun 4-6 tarixlərində ölkəmizdə reallaşan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə müzakirə olunan məsələr, imzalanan sənədlər bu gün də ölkə və dünya mətbuatında geniş işıqlandırılmaqdadır. Qeyd edək ki, Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak etdi. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə tədbirə qatıldılar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndi. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılar idi. Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf etdi. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Artıq bu unikal sazişin reallaşdırılmasının ikinci mərhələsi uğurla həyata keçirilir. Söhbət təbii ki, 2017-ci il sentyabrın 14-də Bakıda imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş, "XXI əsrin kontraktı" adlandırılan “Yeni əsrin müqaviləsi”ndən gedir. Həmin sənədə uyğun olaraq “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Bu, şübhəsiz, Azərbaycanın gələcəyinə, ölkəmizdə uğurla həyata keçirilən, müəllifi Ulu Öndər Heydər Əliyev olan sabitlik və tərəqqi siyasətinə inamın göstəricisidir. Sonrakı illərdə xarici şirkətlərlə “Əsrin müqaviləsi”nin davamı kimi imzalanan yeni neft və qaz sazişlərinin, Anlaşma memorandumlarının say tərkibinə diqqət yetirməklə iqtisadi müstəqilliyini təmin edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və yerini açıq-aydın görmək olar. "Əsrin müqaviləsi" hazırda həm məzmununa, mahiyyətinə, həm də regionda və dünyada əməkdaşlığın inkişafına verdiyi yeni nəfəsə görə regional, eyni zamanda, qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini qoruyub saxlayır. Məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın o vaxtadək regional çərçivədə başlanan əməkdaşlığının coğrafiyası genişlənərək beynəlxalq miqyas aldı. Dövlət başçısı İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında bir daha bu reallıqlara diqqəti yönəldərək qeyd etdi ki, “Əsrin müqaviləsi” iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə, əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı: “Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.” Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu beynəlxalq səviyyədə təqdir edilir. Belə ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Cənab İlham Əliyev bu çağırışı etdi: “Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.” Ümummilli Lider yeni neft strategiyasını işləyib hazırlamaqla, dünya təcrübəsinə istinad edib səylərin, təcrübə mübadiləsinin birləşdirilməsi fonunda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla xalqımızın illərdir ürəyində yaşatdığı öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsi arzusunu gerçəkləşdirdi. Bu sazişin reallaşması sayəsində Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Məhz bu uğurlarımıza söykənərək bu gün böyük inamla və uca səslə bəyan edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi layihənin icrasından danışmaq qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin və qətiyyətinin nəticəsi olan “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri var. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə neft siyasətinin uğurla həyata keçirilməsi enerji layihələrinin xronologiyasında da özünü qabarıq şəkildə göstərir. Belə ki, cənab İlham Əliyevin liderliyi ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə- “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında bu unikal layihənin rəsmi açılışı oldu. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə əsas müzakirə olunan məsələlərdən biri də hazırkı dövrün əsas çağırışlarından olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, Azərbaycanın bu sahədə mövcud potensialı, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların yaradılması oldu. Ölkəmizin bu imkanlarının təqdimatında əhəmiyyətli rol oynayacaq və bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a xüsusi diqqət göstərildi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir. Cənab İlham Əliyev bir daha bildirdi ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Azərbaycan hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyir. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq: «Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.” Göründüyü kimi, Azərbaycanın enerji sektorunda qazanılan uğurlar bu sahədə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləyir. Nihad Pənahov YAP Tovuz rayon təşkilatının sədri Geri dön |