Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Ümummilli Liderin neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı

Anar Nəbiyev: Ümummilli Liderin neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı


7-06-2024, 12:04. Yazar: sevinc1
Anar Nəbiyev: Ümummilli Liderin neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı

Azərbaycanın iqtisadi uğurlarının təqdimatında əhəmiyyətli rol oynayan Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil&Gas”) sərgisinin təsis edilməsindən 30 il ötür. Builki Bakı Enerji Həftəsi mühüm əhəmiyyət kəsb edən hadisələrə təsadüf etdi. Belə ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə yanaşı, bu il  Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirən “Əsrin müqaviləsi”nin  də imzalanmasının 30 ili tamam olur. Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf etdi.  Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bütün bu mühüm hadisələr  Bakı Enerji Həftəsinin tədbirlər proqramında yer aldı.
Dövlət başçısı İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında ötən bu dövr ərzində “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs etdi. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib. Cənab İlham Əliyev tədbirdəki çıxışında vurğuladı ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadı. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
Təhlillər əsasında bir daha qeyd edildi ki, hər bir inkişafın əsasında sabitlik və iqtisadi tərəqqi dayanır. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bu amillərin rolunu aydın görürük. Həmin illərdə ölkədə ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb oldu. Bu reallıq hər zaman önə çəkilir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu diqqət və marağın  ayrı-ayrı dövrlərdə  fərqli olması aydındır. Belə ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və  normal biznes mühitinin yaradılması iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoydu. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.
20 sentyabr 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, siyasi mövqeyini möhkəmləndirdi. Ölkəmizin bu gününə və gələcəyinə inam artdı. Dahi şəxsiyyət Heydər Əliyev çoxlarına əfsanə kimi görünən  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini  gerçəkləşdirməklə dünya siyasətçiləri arasında böyük nufuza malik olduğunu bir daha təsdiqlədi, müasir Azərbaycanın xilaskarı, yaradıcısı və qurucusu olduğunu tarixi xidmətləri ilə bəyan etdi.  O illərdə Ulu Öndərin çəkdiyi zəhmətləri respublikamızın qüdrətlənməsi, iqtisadi inkişafı, Azərbaycan xalqının gələcəyi üçün böyük fədakarlıq kimi dəyərləndirən  Prezident İlham Əliyev bu sözləri ilə müqavilənin hansı şəraitdə imzalandığını və çətinlikləri xarakterizə etdi: “Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı. Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.”
Neft strategiyasının hazırlanması, müqavilənin imzalanması Ulu Öndərin Azrbaycanın müstəqilliyi, ölkə iqtisadiyyatının inkişafı, xalqın rifahı naminə keçirdiyi həyəcan, üzərinə götürdüyü məsuliyyət millətinə bağlı bir müdrikin fədakarlığı idi. Tarix sübut etdi ki, “Əsrin müqaviləsi”ni reallaşdırmaq, xarici ölkələrin dövlət başçılarını, tanınmış şirkətlərin rəhbərlərini Azərbaycanın bu gününə və gələcəyinə inandırmaq yalnız müdrik siyasətçi Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün ola bilərdi. Dahi şəxsiyyət Azərbaycanın iqtisadi qüdrətini artırmaqla digər sahələrin inkişafına yol açdı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. “Əsrin müqaviləsi”ndən sonra imzalanan sazişlərin, Anlaşma Memorandumlarının say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində uğurla irəliləyərək  belə bir qənaətin yaranmasına nail oldu ki, ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata geçirilməsindən danışmaq mümkün deyil. Azərbaycan təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazanıb. Heydər Əliyev siyasətinin son 20 ildən artıq  dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi deyilənlərin təsdiqidir. Azərbaycanın enerji diplomatiyasının  uğurları biri-birini əvəzləməkdədir.
Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında onu da bildirdi ki, bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı  imzaladığımız müqavilələr nəticəsində  təməlqoyma mərasimi baş tutdu. Bu, sadəcə, başlanğıcdır. Çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir.  “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir: “Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Birincisi, mən dostum nazir Sultan əl-Cabiri təbrik etmək istəyirəm və salamlarımı qardaşım, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamətində irəlilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli tövsiyələrinə görə təşəkkürümü bildirirəm. Bu, asan iş deyil, lakin biz buna hazırıq.” Cənab İlham Əliyev bu çağırışı da etdi ki,  neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir: “Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq. Yəni, bizə qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik.”

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri



Geri dön