Ana Sayfa > Özəl > AZƏRBAYCAN MÜHÜM TƏDBİRLƏRİN KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB!

AZƏRBAYCAN MÜHÜM TƏDBİRLƏRİN KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB!


6-06-2024, 10:54. Yazar: sevinc1
AZƏRBAYCAN MÜHÜM TƏDBİRLƏRİN KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB!

Bakı Enerji Həftəsi və bu çərçivədə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı Azərbaycanın, bütövlükdə regionun enerji istehsalı və enerji təhlükəsizliyi tarixində yeni era deməkdir. Müqayisəli formada desək, tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması 30 il öncə 1994-cü il sentyabrın 20-də Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması, yaxud 1996-cı il iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi ilə böyük enerji strategiyasının əsasını qoymasından heç də daha az əhəmiyyətə malik hadisə deyil. Bu mənada mübaliğəsiz demək olar ki, bu gün əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır. Bu mənada Bakı Enerji Həftəsi çərçivəsində reallaşan tədbirlərdə 30-dan çox ölkədən 300-dək şirkət olmaqla, bütün dünyanın enerji sənayesində mövcud liderlərin bir araya gəlməsi, təbii ki, təsadüf hesab oluna bilməz. Cənab Prezident İlham Əliyevin tədbirdə çıxışı isə eyni zamanda, cari sferada Azərbaycan və müttəfiqləri üçün yeni reallıqda birgəfəaliyyət üçün yol xəritəsi hesab oluna bilər. Azərbaycan regional və qlobal böhranların müzakirəsi və həll yollarının axtarılması baxımından mühüm platformaya çevrilib. Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzi statusunu möhkəmləndirən Azərbaycan bəşəri problemlərin həllində, beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda, enerji məsələlərinin müzakirəsində ciddi rol oynamağa başlayıb. Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir.
Müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin cənab Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür. Azərbaycan Prezidentinin Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı bəyan etdiyi kimi, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır”. Dövlətimizin başçısı 3 ay öncə Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı iclasında da bəyan etmişdi ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Məhz bu reallığı rəhbər tutaraq Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də cənab Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib. Özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi “təmiz ətraf mühit və yaşıl artım ölkəsi“ olmaq formasında müəyyən edilməsi, ölkənin Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvü kimi seçilir.
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə də cənab Prezident İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan qlobal məsuliyyətini dərk edən, əhəmiyyətli hərbi-siyasi gücə malik yeni beynəlxalq oyunçudur. Baxmayaraq ki, biz bunu etməyə də bilər və qazıntı yanacağına fokuslanmaqla daha rahat yolu seçərdik. Dövlətimizin başçısının da vurğuladığı kimi, "bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik". Lakin Azərbaycan özünün yolunu müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub və bu gün start verilən Bakı enerji həftəsi və bütövlükdə mövcud siyasi kursun konseptual baxışı deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir”.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova

Geri dön