Ana Sayfa > Siyasət / Özəl > Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da möhtəşəm qayıdışı Azərbaycanın xilası oldu
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da möhtəşəm qayıdışı Azərbaycanın xilası oldu5-06-2024, 17:57. Yazar: sevinc1 |
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müstəqil, azad, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır 9 iyun 1993-cü ildə xalqın təkidli tələbi əsasında Bakıya gəlişi və iyunun 15-də hakimiyyətə qayıdışı ilə bugünkü uğurlarımıza yol açan, dövlətimiz və xalqımız qarşısında xidmətlərindən bəhs edərkən xilaskarlıq missiyası göz önünə gələn dahi şəxsiyyət Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda, bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir” fikirlərini qeyd etmək istərdik. Azərbaycanın tarixi Zəfəri bir sıra mühüm hadisələrin qeyd olunduğu tarixlərlə bağlı dəyişikliklərə yol açdığı üçün bu il ilk dəfə olaraq 28 May tarixini Müstəqillik Günü kimi qeyd etdik. 18 oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günüdür. Bunları xatırlatmağımız səbəbsiz deyil. Azərbaycanın 104 illik müstəqillik tarixinə nəzər saldıqda parlaq səhifələrlə yanaşı, faciəli səhifələrin də az olmadığını görür və bu fonda böyük qürur hissi ilə qeyd edirik ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə inamla addımlayan xalqımız hər zaman tarixin sərt sınaqlarından şərəflə çıxıb, yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirib və etdirir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşananlar, xalqın sabaha itən ümidlərinin yenidən bərpası da bu kimi məqamlara işıq salır. Həmin dövrün reallıqlarını belə xarakterizə edə bilərik- Azərbaycan “Olum, ya ölüm!” dilemması qarşısında qalmışdı. Ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, səriştəsizliyi, öz şəxsi maraqlarını güdmələri siyasi böhranın dərinləşməsinə səbəb olmuşdu. 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün bir ildə ölkəmizi hansı durumla üz-üzə qoyduğu məlumdur. Bir illik hakimiyyətləri dövründə Azərbaycana müstəqilliyini itirmək təhlükəsini yaşadan bu ünsürlər hadisələrin gedişindən təşvişə düşərək ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldular. AXC-Müsavat iqtidarı, xalq yaxşı bilirdi ki, hadisələrin bu şəkildə davamı yaxşı heç nə vəd etmir. Xalq ayağa qalxdı. Xilaskarına üz tutaraq dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən ümummilli lider Heydər Əliyev iyun ayının 9-da Naxçıvandan Bakıya gəldi. Bu gəliş Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükənin aradan qaldırılmasının başlanğıcı oldu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, dövlətçilik təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı. Ulu Öndər çox qısa zamanda ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmiləşdirdi. Xalqımızın nicatı və milli dövlətçiliyimizin xilası əslində böyük Qurtuluşdan – iyunun 15-dən başlanmışdır. Ancaq həmin qurtuluşa zəmin də məhz iyunun 9-da yaranmışdı. Bu baxımdan deyə bilərik ki, xalqımızı nicata aparan yol bilavasitə iyunun 9-dan başlanır. Ümummilli lider Heydər Əliyev ən çətin anlarda xalqının yanında olub, çətinliklərin arxada qalacağına, uğurlarımızla qürur duyacağımıza hər zaman əminlik yaradıb. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra səsləndirdiyi “ Biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müdtəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də deyilənlərin təsdiqidir. Düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkədə sabitliyi yaradan Ümummilli Lider “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək önəm verdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bugünümüz və gələcəyimiz üçün hesablanmış addımlar sırasındadır. Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, güclü siyasi iradə və qurulan möhkəm beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etdi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin əsas xəttini təşkil edirdi. Daim xalqına güvənən, onun gücünə, müdrikliyinə arxalanan Ümummilli Lider iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı. Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar sırasında Azərbaycanın demokratik təsisatlarının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə söz, mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlərin görülməsi bir daha təsdiqlədi ki, Azərbaycanda demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməldədir. Milli Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr tam aydınlığı ilə müəyyənləşdirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Ulu öndər Heydər Əliyevin Fərmanı əsasında senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri sırasında bu gün milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiyanın zamanın tələbi, xalqın istəyi ilə yaranması o illərin reallıqlarının aydın mənzərəsini yaradır. 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti tarixə mühüm hadisə kimi yazıldı. Ümummilli Lider “91-lər”ə “Yeni Azərbaycan uğrunda” cavabı ilə xalqla bir olduğunu növbəti dəfə nümayiş etdirdi, Azərbaycanın düşdüyü vəziyyətdən xilasında belə bir partiyanın böyük rol oynayacağına əminliyini ifadə etdi. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da dövlətçiliyə müxalifətdə dayanmadı, ölkəmizin inkişafına dəstək oldu. Qısa zamandan, 7 aydan sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanla yanaşı, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu. Partiya iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi. Azərbaycanın demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləməsinin nəticəsi idi ki, ölkəmiz 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olundu. Atılan bu və digər addımlar demokratiyanın Azərbaycan xalqının həyat tərzi olduğunu təsdiqlədi. Qurtuluş Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün də geniş yol açdı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Ümummilli Lider hər bir xarici ölkəyə səfəri zamanı diqqəti Azərbaycan həqiqətlərinə, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəltdi. Qarşıya bu hədəf qoyuldu ki, diplomatiyamız özünümüdafiə xarakteri daşımamalı, hücum diplomatiyası olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimizin xarici siyasətinin əsas məsələsi kimi öndə dayandı. Həmçinin sülh danışıqlarını cəsarətlə aparmaq üçün müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğuna diqqət artırıldı. Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi. Son 18 ildən artıq dövrdə cənab İlham Əliyev bu xətti uğurla davam etdirərək Azərbaycana Qələbə sevincini yaşatdı. Bu gün Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə nümunədir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Son illərdə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə diqqət yetirdikdə Azərbaycanın həm daxildə, həm də beynəlxalq səviyyədə gördüyü işlərin miqyasının böyüklüyü özünü aydın şəkildə büruzə verdiyini görürük. Pandemiya dövründə 30-dan artıq ölkəyə maddi və humanitar yardım göstərməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Ölkəmiz 30 il müharibə şəraitində yaşasa da hər zaman iqtisadi inkişafın prioritet olduğunu vurğulayıb və bu istiqamətdə davamlı addımlar atıb. Azərbaycanın hər bi çətinlikdən uğurla çıxmasında iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması əsas rol oynayır. Bugünümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsi, soydaşlarımızın Böyük Qayıdışıdır. Bu gün inkişafın Azərbaycan modelinin mövcudluğu yüksək səviyyələrdə bildirilirsə, deməli, ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradılıb ki, bu bünövrənin üzərində respublikamız davamlı inkişaf edir, sabaha doğru inamla irəliləyir. Son 18 ildən artıq dövrün reallıqları bunun bir daha təsdiqidir. Azərbaycan 30 ilə yaxın müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğunun prioritetliyini qorudu, torpaqlarımızı işğaldan azad etmək gücünə, qüdrətinə malik, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Milli Ordumuz formalaşdı. Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlığı, şücaəti ilə dünyanın ən yenilməz, məğrur ordusu olduğunu təsdiqlədi. Ulu öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində əksini tapan çağırışlar, inam və etimad real həyatda öz təsdiqini tapıb. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, məqsədyönlü daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, həm milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən qalib ölkənin qalib Lideri İlham Əliyevə milyonların sevgisi şəksizdir. 1993-cü ilin bu günlərinə nəzər salıb ölkəmizin, xalqımızın yaşadıqlarını ürəkağrısı ilə qeyd etsək də zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın bu günü ilə qürur duyur, belə qüdrətli, zəngin dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dövlətinin gələcəyini düşünüb möhkəm təməl formalaşdıran Ümummilli Lideri və bu təməl üzərində Azərbaycanı inkişaf etdirən, Zəfər tarixini yazan cənab İlham Əliyev kimi qalib Prezidenti var. Artıq iki ildir ki, tarixi günlərimizi, bayramlarımızı Zəfər ovqatında qeyd edirik. Dünyaya səs salan, 44 gündə 30 ilin işğalına son qoyan möhtəşəm Zəfərimiz ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsidir. Əminik ki, 9 iyun 1993-cü ildən başlanan yol Azərbaycanı daha yüksək zirvələrə ucaldacaq. Torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, Qarabağın döyünən ürəyi Şuşamızın özümüzə qayıtması, Cıdır düzündə 28 ildən sonra Novruz tonqallarının alovlanması, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası, bu məkandan muğamlarımızın səslənməsi, mədəniyyət paytaxtımızın diplomatik mərkəzə çevrilməsi, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi, sadalamaqla bitib-tükənməyən biri-birindən mühüm hadisələr ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycana qazandırdığı uğurlardır. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |