Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-7 > Eltun Süleymanov: “Enerji təhlükəsizliyində ölkəmizin yeri və rolu mühüm əhəmiyyət daşıyır”

Eltun Süleymanov: “Enerji təhlükəsizliyində ölkəmizin yeri və rolu mühüm əhəmiyyət daşıyır”


5-06-2024, 11:16. Yazar: sevinc1
Eltun Süleymanov: “Enerji təhlükəsizliyində ölkəmizin yeri və rolu mühüm əhəmiyyət daşıyır”

“Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. Ötən ildən başlayaraq Xəzər Neft və Qaz sərgisi Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib. Mərasimdə çıxış edən ölkəmizin başçısı otuz il bundan əvvəlki Azərbaycanla indiki Azərbaycanı müqayisə edərək qeyd edib ki, “Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu.”
Bu cür çətinlikləri Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə arxada qoyan ölkəmiz 1993-cü ilin payızından etibarən dönüş nöqtəsi əldə edərək inkişaf və tərəqqi yolu ilə addımlamağa başladı. O böyük şəxsiyyətin həyata keçirdiyi siyasət nəticəsində enerji müqavilələrinin imzalanması, konsorsiumların yaradılması, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələr Azərbaycanın enerji böhranından çıxaraq enerji ixrac edən ölkəyə çevrilməsinə səbəb oldu: “Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, ölkəmizin başçısı cənab İlham Əliyev çıxışında bildirib ki, “4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq.”
Beləliklə də, Azərbaycan və onun beynəlxalq tərəfdaşları qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiya edəcəyini diqqətə çatdıran cənab İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını xüsusi vurğulamışdır.

Eltun Süleymanov qeyd edib ki, “Cənab Prezident indiki dünya düzənində hələ də enerji təhlükəsizliyinin milli təhlükəsizliyin əsasını təşkil etdiyini bildirərək bu sahədə Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu diqqətə çatdırmışdır. Avropanın qaz təchizatçısı kimi böyük bir rola malik olan ölkəmiz düzgün siyasət nəticəsində özünün yerini və çəkisini müəyyən edə bilmişdir. Hazırda kifayət qədər neft və qaz resurslarına malik olmağımıza baxmayaraq yaşıl enerji sahəsində həyata keçirilən layihələr də onu göstərir ki, ölkə rəhbərliyi qloballaşan dünyada iqlim dəyişikliklərinə ciddi münasibət bəsləyir və COP29 kimi nəhəng tədbirə ev sahibliyi etmək də buradan irəli gəlir.”
Müsahibimiz sonda qeyd edib ki, “Cənab İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin düzgün və anlaşılan əsasları vardır. Bu siyasət milli təhlükəsizliklə yanaşı, həm də bəşəriyyəti narahat edən problemlərin həllini özündə ehtiva edir. Ölkəmizin başçısı bunu öz çıxışında da qeyd etdi və bildirdi ki, “bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.”
Geri dön