Ana Sayfa > Təhsil / Karusel > Suraxanı rayonunda yol təhlükəsizliyi mövzusunda

Suraxanı rayonunda yol təhlükəsizliyi mövzusunda


26-10-2016, 14:25. Yazar: admin



Maarifləndirici sessiya keçirildi

Suraxanı rayonu 87 №-li məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi mövzusunda növbəti maarifləndirici sessiya keçirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbir Suraxanı rayon təhsil müəssisələrinin iştirakı ilə baş tutdu. Tədbirdə həmçinin Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının və digər təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan 87 №-li məktəbin direktoru Elmira Ələkbərova tədbir iştirakçılarını salamladı və məlumat sessiyasının mahiyyəti barədə danışdı. Məktəb direktoru bildirdi ki, yol təhlükəsizliyi problemi onun təmsil etdiyi məktəb üçün də aktualdır və bu aktuallığı şərtləndirən başlıca amil məktəbin kifayət qədər sürətli və nəqliyyat vasitələrinin intensiv olduğu Səttar Bəhlulzadə küçəsinə yaxın yerləşməsidir. Bu səbəbdən mövzu 87 №-li məktəbin müəllim-şagird kollektivi üçün də mühüm əhəmiyyət kəsb edir.

Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin polis mayoru Kəmalə Ələkbərova təmsil etdiyi İdarənin xətti ilə təşkil olunan tədbirlər, o cümlədən yol təhlükəsizliyinin təmin olunmasına xidmət edən proqramlar barədə danışdı və bu kimi aksiyaların keçirilməsini zamanın tələbinə uyğun gəldiyini qeyd etdi.

46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol qəzalarının azalmasına səbəb olacaq tədbirlər arasında təbliğatın mühüm yer tutduğunu bildirdi və qeyd etdi ki, bu cür kütləvi işlər uşaqlar arasında müsbət vərdişlərin aşılanmasına kömək edər və onlar bədbəxt hadisələrdən uzaq olarlar.

Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xüsusilə vurğuladı ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər bir yol hərəkəti iştirakçısının üzərinə böyük məsuliyyət qoyur və bu problem hər birimizin fəal iştirakı ilə öz həllini tapa bilər.

Suraxanı rayonunun sakinlərinin yaxşı tanıdığı və “canlı svetofor” adlandıqları ictimai fəal Xalid Musayev sürətli yollar və nəqliyyat vasitələrinin çox olduğu bir şəraitdə hər bir valideyn maksimum diqqətli olmalı və onların uşaqlarının yollarda təhlükəsiz hərəkət etmələri üçün bütün zəruri tədbirlər görməlidirlər.

“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov layihə barədə məlumat verdi və yol təhlükəsizliyi pasportunun əhəmiyyəti haqqindada danışdı. Azər Allahverənov xüsusilə vurğuladı ki, hər bir məktəb kollektivi başda onun direktoru olmaq şərtilə məktəbətrafı ərazilərdə təhlükəsiz yollar mühitinin yaradılmasında və bu işlərin yerinə yetirilməsi üçün bütün icra qurumlarının, ictimai təşkilatların səfərbər edilməsində fəal və israrlı olmalıdır.

87 №-li məktəbin valideyn komitəsinin nümayəndələri Emiliya Nəsibova, Günay Rəcəbli, 270 №-li məktəbin direktor müavini Ruhəngiz Mirzəyeva və digərləri yaşadıqları ərazilərdə, çalışdıqları müəssisələrə yaxın küçə və yollarda mövcud təhlükələr barədə danışdılar və həmin problemlərin aradan qaldırılması ilə bağlı təklif və tövsiyələrini bildirdilər.














Geri dön