Ana Sayfa > Karusel > Mais Məmmədov: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qarşısında olan misilsiz xidmətləri xalqın qan yaddaşına əbədi həkk olunmuşdur”

Mais Məmmədov: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qarşısında olan misilsiz xidmətləri xalqın qan yaddaşına əbədi həkk olunmuşdur”


3-06-2024, 13:00. Yazar: sevinc1
Mais Məmmədov: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qarşısında olan misilsiz xidmətləri xalqın qan yaddaşına əbədi həkk olunmuşdur”

“Artıq 31 ildir ki, ölkəmizdə hər il iyun ayının 15-də böyük ruh yüksəkliyi ilə Azərbaycan Xalqının Milli Qurtuluş Günü qeyd olunur. Bu faktın özü Ulu Öndər Heydər Əliyevin xalqın və dövlətin xilaskarı missiyasının tarixiliyini isbatlayan ən böyük dəlildir. Bunu da qeyd etmək lazımdır ki, Ümummilli Lider ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın üz-üzə gəldiyi bütün çətinliklərə rəğmən ayaqda qala bilməsi üçün hələ sovetlər dönəmində möhkəm təməl qurmağa başlamışdı. Görkəmli tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra ilk növbədə respublikanın iqtisadiyyatında nəzərəçarpacaq irəliləyiş yarandı. Qısa müddətdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrildi. Ölkəmizdə müasir, yüksək texnoloji istehsal proseslərinin tətbiq olunduğu müəssisələrin sayı artmağa başladı. Sənayenin inkişafı ilə həm də respublikanın İttifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu Azərbaycanın müttəfiq respublika kimi inkişafında önəmli rol oynadı. Azərbaycana rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev gələcək müstəqil dövlətimizin sağlam əsasının yaradılması istiqamətində vacib addımlar atdı.”

Bu sözləri 15 iyun – Qurtuluş Günü ilə əlaqədar saytımıza verdiyi müsahibəsində Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının üzvü Mais Məmmədov deyib.

Öz fikirlərini davam etdirən müsahibimiz daha sonra qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi artıq müstəqillik dövründə, daha dəqiq desək bu müstəqilliyin az qala itirilməsi ərəfəsində tarixi zərurət kimi baş verdi: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən ölkədə formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Heydər Əliyev xalqın israrlı dəvətini qəbul etdi, bununla da Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı genişmiqyaslı islahatlara başlandı. Uğurlu dövlət quruculuğu xətti Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin öz xalqı, öz ölkəsi və dövləti qarşısında olan misilsiz xidmətləri Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuşdur.”

Həmçinin Mais Məmmədov Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının və siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu əsasda möhtəşəm tarixi nailiyyətlərin əldə olunduğunu qeyd edib: “Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqaz regionunun tək lider dövlətidir. Ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından önəmli rol oynayır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan artıq dünyada öz torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyün və tam suverenliyini bərpa etmiş qalib ölkə olaraq tanınır. 2020-ci ildə, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi Qələbə nəticəsində özünün ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan bu gün də məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamlı addımlar atır” – deyə, Mais Məmmədov müsahibəsini başa çatdırıb.
Geri dön