Ana Sayfa > Karusel / Özəl > “Sosialoji sorğu” Binəqədidə

“Sosialoji sorğu” Binəqədidə


3-06-2024, 09:30. Yazar: sevinc1
“Sosialoji sorğu” Binəqədidə

Bakının Binəqədi rayonunda vətəndaş məmnunluğunun şərti səviyyəsini müəyyənləşdirmək məqsədilə əməkdaşlarımızın rayonun “Azadlıq prospekti” metro stansiyası və 7-ci mikrorayon ərazilərində keçirdikləri rəy sorğusunun nəticələrini təqdim edirik.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən bu gün vətəndaş məmnunluğunun səviyyəsi yerlərdə dövlət orqanlarının və əlbəttə ki, ilk növbədə icra strukturlarının iş effektivliyinin qiymətləndirilməsi üçün əsas meyar kimi qəbul edilir.

Təbii ki, bu səviyyə ilk növbədə vətəndaşların özlərinin bu və ya digər sahədə onlara göstərilən diqqətdən, yaradılan şəraitdən və bir çox digər amillərdən nə dərəcədə razı və ya narazı qalmalrı ilə müəyyən olunur. Bu baxımdan ölkənin kütləvi informasiya vasitələrinə edilən müraciətləri də nəzərdən qaçırmaq olmaz. Təəssüflər olsun ki, bu müraciətlərin böyük əksəriyyəti məhz şikayət xarakteri daşıyır ki, bu da vətəndaş məmnunluğunun yüksək qiymətləndirilməsinə qətiyyən xidmət etmir. O cümlədən bizim redaksiyaya da tez-tez ünvanlanan şikayət məktublarının bir çoxunda rayon icra hakimiyyətlərinin fəaliyyətilə bağlı narazı fikirlər ifadə olunur. Əlbəttə, bu müraciətləri araşdırmaq, mövcud problemləri işıqlandırmaq bizim birbaşa vəzifə borcumuzdur. Digər tərəfdən isə daxil olan bütün müraciətlərdə, xüsusilə də şikayət xarakterli məktublarda, təqdim edilən məlumatların heç də hamısı araşdırma nəticəsində öz təsdiqini tapmır. Təbii ki, belə olan halda son dərəcə diqqətli olmaq, ehtiyatlı davranmaq və obyektivliyi qoruyub saxlamaq üçün çox səy göstərmək lazımdır. Bunun da ən yaxşı üsullarından biri, əlbəttə ki, ümumi xarakterli şikayətlərin araşdırılması üçün, bəhs olunan rayonun birbaşa ərazisinə reydlər təşkil etmək, yerlərdə sakinlərlə görüşüb bu və ya digər məsələ ilə bağlı onların rəylərini öyrənməkdir.

Məhz elə bu məqsədlə də biz öz redaksiyamızda bir təşəbbüs qrupu yaratdıq. Şərti olaraq “Sosioloji sorğu” adlandırdığımız bu layihə çərçivəsində 2 nəfərdən ibarət qrupumuz mütəmadi olaraq həm paytaxtın rayonlarında, həm də bölgələrdə vətəndaşlar arasında rəy sorğusu keçirəcək, bu və ya digər məsələ barədə sakinlərini fikirlərini öyrənəcəklər. Çalışacayıq ki, olduğumuz ərazidə sakinlər arasında vətəndaş məmnunluğunun səviyyəsi barədə oxucularımızı maksimum obyektiv məlumatlandıraq.

Beləliklə, bütün hazırlıq işlərini başa çatdırdıqdan sonra, cavabını gözləyən yeganə sual bu idi ki, növbəti sorğumuzu hansı rayonda keçirəcəyik? Bu zaman əməkdaşlarımızdan biri ərazini kifayət qədər yaxşı tanıdığını əsas gətirərək Binəqədi rayonunu təklif etdi. Belə də qərara aldıq – növbəti sorğunu Bakının Binəqədi rayonunda aparacayıq. Elə həmin əməkdaşımızın təklifi ilə də metronun “Azadlıq prospekti” stansiyasının üstündə yerləşən, girişində Çingiz Aytmatovun abidəsi quraşdırılmış parkı da başlanğıc nöqtə kimi təyin etdik.

Bəxtimizdən parkda kifayət qədər istirahət edənlər vardı.Təbii ki, bu saatlarda hava almağa çıxanların əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Bir də evdar xanımlar, kimi azyaşlı övladını, kimi də nəvələrini gəzməyə çxarmışdı. Əslində məhz elə bu kontingent bizə daha çox sərf edirdi. Çünki adətən yaşlı insanlar media mənsubları ilə daha çox ünsiyyətə meyilli olurlar. Parkda təxminən 30-40 dəqiqə keçirdikdən sonra Süleyman Sani Axundov küçəsi ilə Binəqədi Rayon Məhkəməsi istiqamətində yolumuza davam etdik. Yolüstü yenə də bir neçə nəfərin suallarımızı cavablandırmalarına nail olduq. Məhkəmə binasının yanından sola burulub bir qədər irəlilədik. Sonra yolumuzu məhəllələr arasından salaraq geri istiqamətləndik. Gördüyümüz bu idi ki, ərazidə demək olar bütün məhəllələr yaşıllıq içərisində idi. Hiss olunurdu ki, ağaclara, kollara yaxşı qulluq edilir. Həyətlərdə istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları da kifayət qədər idi. Amma bizim üçün əsas maraq kəsb edən məqam sakinlərin əhval-ruhiyyəsi, onların yaşadıqları mühitə, ətraflarında mövcud olan vəziyyətə münasibətləri ilə bağlı idi. Əlbəttə ki, təqdim edəcəyimiz yazılarda sakinlərlə apardığımız söhbətləri tam təfərrüatları ilə qələmə almaq niyyətində deyilik. Amma bəzi maraqlı məqamları qısaca da olsa mütləq diqqətinizə çatdıracayıq. Onu da qeyd edim ki, bütün respondentlərimizə verdiyimiz suallar eyni mahiyyət kəsb edib və təxminən belə səslənib:

- Yaşadığınız ərazinin abadlığı, təmizliyi, yolların vəziyyəti, dövlət idarələrinə müraciət etdiyiniz zaman gördüyünüz münasibət sizi qane edirmi? Rayonun icra orqanlarının fəaliyyətindən məmnunsunuzmu? Rayon ərazisində yaşayan şəhid ailələrinə və müharibə qazilərinə göstərilən diqqət və qayğının səviyyəsini necə qiymətləndirirsiz?

Etiraf edək ki, eşitdiyimiz cavabların əksəriyyəti bizim üçün gözlənilməz olmadı. Çünki elə insanlarla söhbətləşdiyimiz məkanların vəziyyəti də bizdə müəyyən bir qənaətə gəlmək üçün kifayət qədər təsəvvür yaradırdı. Demək istədimiz odur ki, əgər rayonda bir sahəyə kifayət qədər ciddi və məsuliyyətli yanaşma müşahidə olunursa, ehtimal etmək olar ki, digər sahələrdə də vəziyyət oxşar olacaq. Beləliklə, həmsöhbətlərimizdən bəzilərini sizlərə də təqdim etməyin əsil vaxtıdır (cavablar məzmun dəyişikliyinə yol verilmədən redaktə edilib):

Rəsmiyyə xanım (67 yaş, iki nəvəsini gəzməyə çıxarıb): Məmnuniyyət deyəndə ki, ay oğul, insan əslində heç zaman məmnun olmur. Məncə heç olmamalıdır da. Çünki tam məmnunluq olsa inkişaf getməz. Həmişə daha yaxşısına nail olmağa çalışmaq lazımdır. Baxın, ətrafınızda nə görürsüz? Abadlıq, yaşıllıq, gözəllik... Amma demək olar ki, burda hər gün iş gedir. İstəyirlər daha yaxşı etsinlər. Elə də olmalıdır. Prezidentimiz də dövlət işlərinə təyin etdiyi insanlardan bunu tələb edir. Dövlət öz vətəndaşı üçün çalışır, vətəndaş da öz dövləti üçün.

Cəvahir xanım (56 yaş, alış-verişə çıxıb): Əgər səhv etmirəmsə, bizim rayon Bakıda müharibə zamanı ən çox şəhid verən rayonlardan biridir. Allah bütün şəhid balalarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin. Bizim qonşuluqda da bir şəhid ailəsi yaşayır. Əlbəttə, övlad itkisini heç nə əvəz edə bilməz. Amma yenə də... Ən azından şəhidin ailəsi dövlətdən daim diqqət və qayğı görürsə, hansısa problemləri yarananda tez həll olunursa, ehtiyacları ödənilirsə, əlbəttə ki, bu da böyük təsəllidir. Sağ olsunlar, tez-tez icradan (rayon icra hakimiyyətindən – red.) gəlib ailəni başa çıxırlar, şəhidin ad günlərində məzarı ziyarət olunur, xatirəsi anılır. Yəni bu barədə çox diqqət göstərirlər. Hər halda mənim gördüyüm budur. Elə qonşularla da bu barədə söhbət düşəndə, hamı deyir ki, rayonumuzda elə bir şahid ailəsi yoxdur ki, Elxan müəllim onların evlərində olmasın.

Fəzail müəllim (71 yaş, təqaüddə olan tarix müəllimi, yaşadığı binanın həyətində istirahət edir): Mənim öz yaxın qohumlarından da iki nəfər Qarabağ qazisidir. Düzdür, bizim ərazidə yaşamırlar, amma ikisi də Bənəqədi rayonundadırlar. Biri kənd Binəqədidə, biri də 9-cu mikrorayonda. Hər ikisinə də dövlətimiz tərəfindən yetərincə qayğı göstərilir. İcra başçısının aparıtından da tez-tez gedib başa çıxırlar, özlərinin də bütün müraciətlərinə dərhal cavab verirlər. Şükür, hələ indiyə kimi, heç bir problemləri həll olunmamış qalmayıb.

Sevil xanım (27 yaş, övladını hava almağa çıxarıb): Bizim bu məhəllədaxili yaşıllıq zonaları elə park kimidir. Sağ olsunlar, gözəl, rahat skamyalar quraşdırılıb, söhbətgahlar, uşaqlar üçün oyun zonaları yaradılıb. Yaşıllıqlara da ki, özünüz görürsüz necə qulluq edilir. Yəni burda nəyi isə şişirtməyin, ya da əksiltməyin yeri yoxdur. Yollarımızın da vəziyyəti göz önündədir. Hamar, rahat asfalt dğşənib, sakinlərin avtomobillərini saxlamaları üçün yerlər nəzərdə tutulub, səkilər də kifayət qədər geniş və rahat.

Abbas müəllim (32 yaş, məzuniyyətdədir, alış-verişə çıxıb): Mən anadan olandan bu ərazidə yaşayıram. Atat evimiz 8-in (8-ci mikrorayonun – red.) girəcəyindədir. Bu binaya isə üç il olar köçmüşəm, ailə həyatı qurandan sonra. Valideynlərimin yanında hələ bir bacım, bir qardaşım da var. Çox gözəl məhəllələrdir bizim buralar. Həm yaşıllıq boldur, həm yollarımız əladır. Həyətlər, küçələr hər gün süpürülür, təmizlənir, ağaclar sulanır... Maşallah, nə deyim?

Bikə xanım (61 yaş, istirahət edir): Bütün bu işlərin əsası budur ki, rəhbər işçi gərək tez-tez xalqın içinə çıxsın, camaatla görüşsün, insanların dərdini öyrənsin. Bizdə bunu edirlər. Başçı (Rayon İcra Hakimiyyətinin başçısı – red.) özü tez-tez qəbullar, səyyar görüşlər keçirir, polisdən, prokurorluqdan, digər təşkilatlardan da nümayəndələri dəvət edir. Sakinlər də onları narahat edən problemlərini belə görüşlərdə bildirirlər. Bilirsiz necədi, rəhbərlik səviyyəsində hansısa bir məsələ nəzarətə götürüləndə, onun həlli də həm tezləşir, həm də asanlaşır...

Beləliklə, təxminən 3 saat yarım ərzində qrupumuz tərəfindən 32 nəfər sakin arasında rəy sorğusu keçirildi. Sorğu iştirakçılarının böyük əksəriyyəti Binəqədi rayon İcra Hakimiyyətinin və bu qurumun tabeliyində fəaliyyət göstərən strukturların işindən razılıqlarını ifadə etdilər. Sorğu nəticəsində gəldiyimiz ümumi nəticələr isə belə oldu:

Yol problemləri mərhələli şəkildə həll edilir

Redaksiyamızın sorğu qrupunun apardığı araşdırmaların nəticəsi olaraq belə qənaətə gəlmək olur ki, bu gün Binəqədi rayonu ərazisinin abadlaşdırılması, yol infrastrukturunun yenilənməsi, ətraf mühitin yaxşılaşdırılması ilə bağlı məsələlər rayon rəhbərliyi tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Rayonun müxtəlif ərazilərində gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri ardıcıl şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir. O cümlədən sakinlərin rahatlığını təmin etmək məqsədilə rayon ərazisində həm qəsəbələrarası yolların və həm də məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Bizimlə həmsöhbət olan sakinlər xüsusi olaraq vurğuladılar ki, mütəmadi olaraq iş gedən ərazilərə baxış keçirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev görülən işlərin mövcud vəziyyəti ilə şəxsən maraqlanır və aidiyyəti üzrə müvafiq tapşırıqlar verir.

Şəhidlərimiz – kədərimiz və qürurumuz

Bu gün bütün ölkəmizdə olduğu kimi, Binəqədi rayonunda da Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi rayon rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılır. Binəqədi RİH tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir Bu kateqariyaya aid olan insanlar RİH başçısı aparatında qəbul olunaraq müraciətləri müvafiq şöbə tərəfindən araşdırılır və aidiyyəti üzrə konkret tədbirlər görülür. Mütəmadi olaraq sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində köməklik göstərilməsi və onların daimi diqqətdə saxlanılması məqsədilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində görüşlər keçirilir.

Sakinlərlə görüşlər mütəmadi keçirilir

Binəqədi rayonunda yerli sakinlərlə mütəmadi olaraq qəbullar və səyyar görüş keçirilir. Vətəndaşları narahat edə problemlərin həlli məqsədilə təşkil olunan belə tədbirlər zamanı Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və digər məsul şəxslər vətəndaşlarla görüşür və sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı məlumatları alırlar. Söz alan vətəndaşlar bir çox məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirirlər. Onların bütün sualları ətraflı cavablandırılır. Səyyar qəbullarda sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı konkret tədbirlər müəyyənləşdirilir.

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, bu gün Binəqədi Rayon İcra Hakimiyyətində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin effektiv icrası üçün bütün imkanlar səfərbər olunmuşdur və bu istiqamətdə göstərilən fəaliyyət yüksək səmərəliliyə malikdir.

Reportajı hazırladılar:
Elman Hüseynov
Elbrus Bğırov
aia.az

Geri dön