Ana Sayfa > Siyasət > Azərbaycan qitələrarası körpülər salır

Azərbaycan qitələrarası körpülər salır


29-05-2024, 16:07. Yazar: sevinc1
Azərbaycan qitələrarası körpülər salır

Azərbaycanda COP29-un öz işinə başlamasına cəmi beş ay qalır. Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində bu mötəbər beynəlxalq tədbirlə bağlı bir çox əhəmiyyətli məqamlar yer alıb. O cümlədən COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yaşıl gündəliyi barədə açıqlama verən dövlət başçımız bildirib ki, hazırda neft və təbii qaz ixracatçısı olan Azərbaycan yaxın gələcəkdə Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq. Cənab Prezident xüsusi olaraq vurğulayıb ki, ölkələr malik olduqları təbii sərvətlərə görə deyil, onlardan necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan özünün və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq məqsədilə bir çox neft hasil edən ölkələrlə işləyir.
Əlbəttə ki, ölkəmizin bu mötəbər və nüfuzlu beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. Bununla belə, cənab Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, əsas məsələ tədbirin təkcə necə keçiriləcəyində deyil, həm də hansı nəticələrin əldə ediləcəyindədir. Məhz səmərəli nəticələrin əldə olunması üçün COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır. Bu məqsədlə ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda qazandığı böyük təcrübədən geniş istifadə olunacaq. Azərbaycan həm Hərəkatın 120 üzv ölkəsi ilə gözəl əlaqələri, həm də Avropa İttifaqına üzv olan ölkələrlə intensiv fəaliyyəti, o cümlədən onlardan doqquzu ilə strateji münasibətləri var. Əlbəttə ki, bu çox qiymətli təcrübədir və Azərbaycan hər zaman olduğu kimi, öz imkanlarını bütün dünya birliyinin rifahına xidmət edə biləcək məqsədlərə nail olmaq üçün təqdim etməyə hazırdır.
Azərbaycan tərəfindən COP üçün yenilik olan bir təşəbbüs daha irəli sürülmüşdür ki, bu da üç ölkə mexanizminin yaradılmasıdır. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edirlər. Bu da qarşılıqlı səylər və həmrəylik göstərilməsi, bir-birini günahlandırmaq tendensiyasının dayandırılması üçün gözəl zəmin ola bilər. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yaradılmasına çalışacaq.
Azərbaycanda keçiriləcək tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməyin, həmrəyliyin, ortaq məsuliyyəti necə gücləndirməyin və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmağın yollarını fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə edəcəklər.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının üzvü.

Geri dön